Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Muzeylərdə seminar-treninqlər davam etdirilir

     
Fevralın 12-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Xatirə Muzeyində “Tariximizi əks etdirən materialların qorunmasında və təbliğində muzeylərin rolu” mövzusunda seminar-treninq keçirilmişdir.

Nazirliyin sisteminə daxil olan muzeylərin əməkdaşlarının iştirakı ilə keçirilən seminar-treninqi Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin baş məsləhətçisi Qumral Əsədova açaraq muxtar respublikada tariximizi əks etdirən materialların qorunması və təbliği işində muzeylərin rolundan danışmışdır. Qeyd olunmuşdur ki, zəngin mədəniyyət ocaqları olan muzeylər xalqımızın keçmiş yaşayış tərzini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini gələcək nəsillərə ötürərək mədəni irsimizin qorunması və təbliğində əvəzsiz rol oynayır.

Qumral Əsədova diqqətə çatdırmışdır ki, ölkəmizdə muzeylər şəbəkəsinin formalaşdırılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ulu öndərin rəhbərliyi illərində muzey işi ilə bağlı mühim tədbirlər həyata keçirilmiş, muzey sahəsində dövlət siyasətinin əsas prinsipləri, dövlətin vəzifələri, muzeylərin hüquqları və muzey fondları ilə bağlı məsələlər müəyyənləşdirilmiş, muzeylərin fəaliyyətinin təşkilati-hüquqi və iqtisadi əsasları tənzimlənmişdir.

Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də bu sahədə uğurlu addımlar atılır, mühüm işlər həyata keçirilir. Dövlət başçısının “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli Sərəncamı və “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi “Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 22 may tarixli Sərəncamı muzey sahəsinin inkişafına böyük töhfələr verir.

Muxtar respublikamızda da muzey işi diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muzeylərin yaradılması və inkişafına xüsusi qayğı ilə yanaşır. Həyata keçirilən tədbirlər nəticəsində maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərə maraq günü-gündən artır, yaradılan şərait tariximizin, mədəni irsimizin və dövlətçilik ənənələrimizin hərtərəfli təbliğinə geniş imkanlar açır.

Tədbirin davamında Xatirə Muzeyinin direktor əvəzi Leyla Məmmədova və Bəhruz Kəngərli Muzeyinin baş fond mühafizi-elmi işçisi Səmanə Rüstəmovanın mövzu ətrafında çıxışları dinlənilib. Çıxışlarda qədim və zəngin tariximizi əks etdirən materialların muzeylərə gələn qonaqlarda yaratdığı təəssüratdan bəhs olunmuş, milli dəyərlərimiz və mədəni irsimizlə bağlı gənclərdə dərin biliklər formalaşmasına muzeylərin göstərdiyi təsirdən söhbət açılmışdır.

Mövzu ilə bağlı müzakirələr aparıldıqdan sonra muzeyin ekspozisiyasına baxış olmuş və tədbir iştirakçılarının sualları ətraflı şəkildə cavablandırılmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
12.02.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020