Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















“Qaraca qız” tamaşası Culfa rayonunda göstərilib

      Fevralı 11-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Süleyman Sani Axundovun eyniadlı əsəri əsasında Aybəniz Ağaqızının səhnələşdirdiyi “Qaraca qız” tamaşasını Culfa rayonunda uşaq və məktəblilərə göstərmişdir.

“Qaraca qız” tamaşasında hadisələr əsərdə olduğu kimi cərəyan edir. Belə ki, zəlzələ zamanı valideynlərini itirən Tutunu Yasəmən adlı bir qaraçı övladlığa götürür. Hamı bu qıza “Qaraca” deyir. Lakin Yasəmən gənc bir qaraçı ilə qaçıb getdiyindən Qaraca Orucla qalmalı olur. Oruc onu küçələrdə oynadıb pul qazanır. Günün birində Qaraca bəy evinə düşür və onun qızı Ağca ilə dostluq edir. İlan çalan Ağcanın əlindən zəhəri sorub çıxardan Qaraca çox sevdiyi müdrik Piri babanın yanında ölür.

Tamaşada Qaraca qız rolunu gənc aktyor Ləman Əhmədova canlı və təbii təqdim edir. Digər aktyorlar Ulduz Süleymanova (Yasəmən), Vəsmə Quliyeva (Ana), Əfqanə Ələsgərova (Ağca), Arzu Səfərov (Hüseynqulu bəy), İbad Nəbiyev (Rəhim bəy), İlqar Babayev (Səlim bəy), İlham Babayev (Yusif) və başqaları personajları peşəkarlıqla canlandırırlar.

Tamaşanın quruluşçu rejissoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nadir Hüseynov maraqlı tamaşa yaratmağa nail olmuşdur. Quruluşçu rəssam Ədalət Quliyevin səhnə tərtibatı uğurludur. Tamaşanın bəstəkarı Əli Məmmədov isə tamaşanın ahəngini tutmağı bacarmışdır.

“Qaraca qız” tamaşası Culfa rayonunda yaşayan uşaq və məktəblilər tərəfindən maraqla qarşılanıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
12.02.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020