Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Gənclər arasında kitab müzakirələri davam etdirilir

      İyulun 10-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatının üzvlərinin iştirakı ilə Fransız yazıçı Alber Kamyunun “Taun” əsərinin onlayn müzakirəsi keçirilmişdir.

Onlayn tədbiri giriş sözü ilə açan Culfa Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin sədri Aidə İbrahimova bu cür onlayn müzakirələrin əhəmiyyətindən danışmış, gənclərin pandemiya dövründə diqqətdən kənarda qalmadığına görə Gənclər birliyinin adından Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirmişdir.

Daha sonra əsərin müzakirəsinə başlanılmış və söz gənclərə verilmişdir. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Gənclər Birliyinin sədri Bənövşə Afətli və birliyin sədr müavini Qumral Mahmudova, Şərur Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin sədri Həcər Əsgərova, Ordubad Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin sədri Süqarə Mirzəli, Babək Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin sədri Gülşən Güləliyeva və sədr müavini Nuray Mehdiyeva, Kəngərli Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin sədri Cavan Qənbərli və birliyin üzvü Aysel Şəfiyeva, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin sədri Əzizə Süleymanova və birliyin sədr müavini Nurşən ibrahimova və digər gənclər əsər barədə müzakirənin iştirakçılarına ətraflı məlumat vermişlər.

Bildirilmişdir ki, Taun Əlcəzairin şəhərlərindən biri olan Oranda başlayan taun epidemiyasına qarşı insanın mübarizəsini əks etdirir. Əslində romanda taun dünyadakı pislikləri təmsil edir və bir növ onların simvoludur. Bu xəstəlik vasitəsilə yazıçı insanların ölümün bir addımlığında olduqları zaman düşdükləri psixoloji vəziyyəti, onların özləri ilə, öz vicdanları ilə daxili hesablaşmasını, həyat öz adi axarı ilə davam etdiyi zamanlarda fərqinə vara bilmədikləri xırdalıqlara necə diqqət ayırmalarını, dünənə kimi əllərini uzatsalar çata biləcəkləri qədər yaxınlarında olan doğmalarından, həyat yoldaşlarından, sevgililərindən, dostlarından gözlənilmədən ayrı düşməyin onlarda yaratdığı əbədi ayrılıq qorxusunu oxucuya çatdırır. İnsanların bəzi şeyləri yalnız başlarının üstünü bəla aldığı zaman, fəlakətə düçar olduqda dərk etdiyini göstərir.

Keşiş Paneluo taunu insanların bu günə kimi işlətdikləri günahların cəzası olaraq görür və bu cəzaya layiq olduqlarını düşünür. Tanrının varlığına inanmayan Həkim Bernar Ryö isə taunu bir pislik olaraq qəbul edir və pisliyə qarşı mübarizə aparmalı olduğuna inanır. İnsanları sevir, onlara kömək etməyə çalışır.

Sonda əsər barədə geniş fikir mübadiləsi aparılmışdır. Əsərin günümüzdəki mövcud vəziyyətlə səsləşməsi gənclərin marağına səbəb olduğunu söyləmək mümkündür. 80 dəqiqə davam edən müzakirədə ümumilikdə 40-a yaxın gənc iştirak etmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
11.07.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020