Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Qızıl xoruz” tamaşası onlayn formada balaca teatrsevərlər üçün
nümayiş etdirilib

      İyulun 11-də Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Mirmehdi Seyidzadənin “Qızıl xoruz” pyesi əsasında hazırladığı tamaşanı onlayn formada balaca teatrsevərlərə təqdim edib.

Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nadir Hüseynovun səhnələşdirdiyi “Qızıl xoruz” tamaşasında zülmə qarşı mübarizə və sonda zülmkarın məhv edilib, ədalətin bərqərar olmasından bəhs edilir.

Gülşən qarının (Ulduz Süleymanova) sarı inəyi (Vəsmə Quliyeva) sağmağı ilə başlayan tamaşadakı hadisələr bu cür davam edir. Qarı nənə inəyi sağıb qutardıqdan sonra nəvəsi Elşəndən (Ləman Əhmədova) inəyi otarmasını istəyir. Həmin vaxt kəndin yaxınlığındakı meşədə şah (İlham Babayev) vəziri (İbad Nəbiyev), fərraş (İlqar Babayev) və naib-nökərləri (Arzu Səfərov) ilə dincəlirmiş. Bu zaman meşədə bir xoruz (Süleyman Süleymanov) banlayaraq deyir: “Bir manqur tapmışam!”. Şah nökərinə (Arzu Səfərov) əmr edir ki, həmin xoruzu tutub gətirsinlər. Nökərlər nə qədər cəhd etsələr də, xoruzu tuta bilmirlər. Şah bu dəfə naiblərə əmr edir ki, xoruzun sahibini tutub gətirsinlər. İnəyi otarmaqdan gətirən Elşən nənəsinin naiblər tərəfindən döyüldüyünü görüb kömək etmək istəyir. Lakin buna imkan verməyən nökərlər Elşənin qollarını bağlayıb, xoruzu tutmaq istəyirlər. Xoruz budaqdan-budağa qonur və naibin gözünü çıxarır. Nəhayət, xoruzu tuturlar. Şah xoruzun bişirilməsini əmr edir. Naib xoruzu sarayın aşpazına (Əfqanə Ələsgərova) verir ki, şaha gözəl bir yemək bişirsin. Bişirilmiş xoruzu şah iştahla yeyir, lakin nahaq kəsilmiş, zülmə düçar olmuş xoruz şahın qarnında fəryad edir və onu öldürür. Zülümdən qurtaran xoruz və onun sahibləri şad-firavan yaşayırlar.

Balaca teatrsevərlər tərəfindən maraqla qarşılanan tamaşanın quruluşçu rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nadir Hüseynov, quruluşçu rəssamı Ədalət Quliyev, musiqi tərtibatçısı Əli Məmmədovdur.

Qeyd edək ki, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı balaca tamaşaçılar üçün bu günə kimi “Buratino”, “Qoğalın sərgüzəşti”, “Ələddinin sehrli çırağı”, “Tık-tık xanım” və “Göyçək Fatma” tamaşalarını onlayn formada nümayiş etdirib.

Digər tamaşalar kimi, bu tamaşa da Naxçıvan Dövlət Televiziyasının efirindən və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin internet resurslarında canlı yayımlanmış və izləyicilər tərəfindən maraqla qarşılanmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
11.07.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020