Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Seminar-treninq keçirilmişdir

İyulun 11-də Heydər Əliyev Muzeyində “Muzeylərdə açıq dərslərin keçirilməsinin gənclərin təlim-tərbiyəsində rolu” mövzusunda seminar-treninq keçirilmişdir.

Nazirliyin sisteminə daxil olan muzeylərin əməkdaşlarının iştirak etdiyi tədbirin məqsəd və əhəmiyyətindən danışan mədəni irs və muzey işi üzrə baş məsləhətçi Qumral Əsədovagiriş sözü ilə çıxış edərək bildirmişdir ki, muxtar respublikada müxtəlif profilli muzeylər fəaliyyət göstərir. Muzeylərə bu gün xüsusi diqqət göstərilir, onların maddi-texniki bazası gücləndirilir, əməkdaşların peşəkarlıq səviyyəsi yüksəldilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamından sonra muzeylərin ziyarətçilərinin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunur.

Qeyd olunmuşdur ki, bu gün keçirilən seminar-treninq il ərzində təşkil olunmuş yeddinci seminar-treninqdir. Keçirilən seminar-treninqlərdə muzey əməkdaşları vəzifə funksiyalarını dərindən öyrənməyə səy göstərməklə yanaşı, muzey işi haqqında ətraflı məlumat əldə etmiş olurlar. Eyni zamanda, seminar-treninqlər muzey işçilərinin muxtar diyarımızın bütün bölgələrində yerləşən muzeylərlə tanış olmalarına şərait yaratmaq baxımından da əhəmiyyətlidir. Belə tədbirlərdə muzey əməkdaşlarına bu sahədə həyata keçirilən yeniliklərdən söhbət açılır, onların sualları cavablandırılır.

Vurğulanmışdır ki, cari ilin birinci yarımilində muzeylərdə ümumilikdə 195 açıq dərs keçirilmişdir. Bu açıq dərslər orta və orta ixtisas məktəblərində təhsil alan şagirdlərin muzeyləri, bilavasitə tariximizi, mədəniyyətimizi, incəsənətimizi, qədim adət-ənənələrimizi, eyni zamanda görkəmli şəxsiyyətləri daha yaxından tanıtmaq və qeyd olunanlar haqqında geniş məlumatlar vermək məqsədi daşıyır.

TədbirdəHeydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev“Açıq dərslərin keçirilməsində Heydər Əliyev Muzeyinin təcrübəsi” mövzusunda çıxış edərək bildirmişdir ki,açıq dərslər bu gün muxtar respublikada fəaliyyət göstərən bütün muzeylərin həyata keçirdiyi əsas mədəni-kütləvi tədbirlərdən biridir. Açıq dərslər vasitəsilə şagirdlər muzeyləri gəzmək, orada qorunub-yaşadılan, təbliğ edilən milli dəyərlərimizi daha da yaxından tanımaq imkanı əldə edir. Dərs prosesində öyrənilən milli dəyərləri, maddi-mədəni nümunələri yaxından görmək, onlarla birbaşa tanış olmaq həmin dərsin mənimsənilməsinə böyük köməklik göstərir. Bu baxımdan Heydər Əliyev Muzeyində tədris ili ərzində açıq dərslərin keçirilməsi məqsədəuyğundur. Açıq dərslərin keçirilməsi eyni zamanda muzey əməkdaşlarının üzərinə də ciddi vəzifələr qoyur. Belə ki, müxtəlif yaş qruplarından olan şagirdlərə mühazirələr hazırlamaq, əvvəlcədən müəyyən olunmuş mövzu üzrə hazırlaşmaq əməkdaşların da peşə biliklərinin möhkəmləndirilməsinə köməklik göstərir.

Sonra mövzu ilə bağlı müzakirə aparılmış, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
11.07.2019








Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019