Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Xalq Çalğı Alətləri Orkestrinin konserti olub

İyunun 11-də Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin Şərur Rayon Mədəniyyət Sarayında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr olunmuş konserti olmuşdur.

Qeyd edək ki, Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri filarmoniya yaradılarkən onun tərkibində fəaliyyətə başlayan ilk orkestrlərdən biri olmuşdur. Kollektivin tanınmış müğənni və xanəndələrinin ifalarını musiqisevərlər həmişə rəğbətlə qarşılayırlar. Orkestrin bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyevdir.

Orkestr konsertə görkəmli bəstəkarımız Tofiq Quliyevin “Qaytağı” melodiyası ilə başlayıb. Müğənnilərdən İlkin Abdullayev Asəf Zeynallının “Ölkəm” romansını, Üzeyir Hacıbəyovun “Sevgili canan” romansını, “Koroğlu” operasından Koroğlunun ariyasını ifa etdikdən sonra isdedadlı müğənni Nərmin Hüseynova Tofiq Əhmədov, Emin Sabitoğlunun “Güldür məni”, “Sən olmusan” mahnılarını səsləndirmişdir.

Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Azər Cəfərli, Hünər Əliyev, isdedadlı müğənni Ruhiyyə Hüseynova Fikrət Əmirov, Səid Rüstəmov, Oqtay Kazimi, Hacı Xanməmmədov, Nəriman Məmmədov, Şəfiqə Axundova, Rəşid Məmmədov və başqalarının mahnılarını səsləndirmişlər.

Müğənnilərin ifasında Azərbaycanı və Naxçıvanı tərənnüm edən “Azərbaycan elləri”, “Vətənim Azərbaycan”, “Doğma Naxçıvan” mahnıları alqışlarla qarşılanmışdır.

Xalq Çalğı Alətləri Orkestrinin konsertində Azərbaycan bəstəkarlarının rəqs musiqiləri də ifa edilmişdir.

Bir saatdan artıq davam edən konsert rayon sakinlərində xoş ovqat yaratmışdır.



Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
11.06.2019








Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019