Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















Görkəmli bəstəkar Tofiq Bakıxanov görüş və ustad dərslər keçirib

      Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının üzvləri və Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələri ilə Xalq artisti, “Şöhrət” ordenli, professor Tofiq Bakıxanovun görüşü və ustad dərsi keçirilib.

Naxçıvan Musiqi Kollecində keçirilən tədbiri giriş sözü ilə açan kollecin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Günay Əliyeva deyib ki, görkəmli bəstəkarımız Tofiq Bakıxanov dəfələrlə qədim diyarımızda olmuşdur. Görkəmli bəstəkar bir sıra fəxri adları ilə bərabər Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi adını şərəflə daşıyır. Müxtəlif janrlarda əsərlər yazan Tofiq Bakıxanovun əsas yaradıcılıq meyarı istedad və bacarıq, zəhmət və iradə, yorulmaq bilmədən çalşmaqdır.

Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilov çıxış edərək bildirib ki, Tofiq Bakıxanovun yaradıcılığı musiqi mədəniyyətimizin sevilən sənət nümunələridir. Onun musiqili komediyaları, “Xəzər balladası”, “Şərq poeması, Xeyir və Şər” baletləri, çoxsaylı simfonik əsərləri, simfonik muğamları, mahnıları, violonçel, tar, fortepiano üçün bəstələdiyi konsertlər, mahnı və romansları, kamera-instrumental əsərləri, kamera-vokal əsərləri, kino musiqisi zəhmət və istedadın vəhdətindən yaranmışdır. O, 1958-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvüdür. Musiqi sahəsindəki əməyinə görə Tofiq Bakıxanov dövlətimizin yüksək mükafatlarına layiq görülüb. Bu gün isə Naxçıvanla sıx yaradıcılıq əlaqələri saxlayan bəstəkara Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının fəxri üzvüdür.

Tədbirdə Tofiq Bakıxanov Naxçıvanda musiqi mədəniyyətinə göstərilən böyük qayğıdan danışıb. Qeyd edib ki, o yaradıcılığının bir hissəsini qədim Naxçıvana həsr edib. Hər dəfə Naxçıvana gələndə yeniliklərlə rastlaşır ki, bu da onun yeni əsərlərin yaranmasına sövq edir.

Kollecdə keçirilən ustad dərsdə bəstəkar bildirib ki, musiqiçi olmaq istəyən hər bir insan təcrübə vərdişlərini inkişaf etdirməli, fərdi xüsusiyyətlərdən yaradıcılıqla istifadə etməlidir. Bəstəkar müəllim və tələbələrin suallarını cavablandırıb.

Tədbirin bədii hissəsində Naxçıvan Musiqi Kollecinin tələbələrinin konserti olub. Konsertdə muğamlarımızla yanaşı, dünya bəstəkarlarının əsərləri səslənib. Əvvəlcə kollecin “Buta” muğam ansamblının kompozisiya ifa olunub. Sonra xarici ölkə bəstəkarlarının skripka, fortepiano, qanun üçün yazdığı musiqilər səslənib. Konsert Qran-pri mükafatçısı, kollecin tələbəsi Nəcəf Hacılının nağarada ifa etdiyi kompozisiya ilə başa çatıb.

Həmin gün bəstəkar Tofiq Bakıxanov Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq musiqi incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimləri ilə də görüşüb və ustad dərs keçib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin baş məsləhətçisi Leyla Əlimərdanova Tofiq Bakıxanovun həyat və yaradıcılığına nəzər salıb, onun Azərbaycan bəstəkarlıq məktəbində böyük xidmətləri olduğunu qeyd edib. Bildirilib ki, 1930-cu ildə Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açmış Tofiq Bakıxanov mükəmməl musiqi təhsili alıb, Azərbaycan və dünya klassik musiqi ənənələrini mənimsəyib. Hələ gənclik illərində skripka ifaçısı kimi də tanınan görkəmli sənətkar bir çox səhnə əsərlərinə musiqi yazıb, baletlər, simfonik əsərlər, simfonik muğamlar, çoxlu sayda kamera-instrumental və kamera-vokal əsərləri, mahnılar, romanslar bəstələyib.

Tədbirdə çıxış edən Tofiq Bakıxanov əvvəlcə Naxçıvanda musiqinin inkişafına göstərilən böyük qayğıdan danışıb, Azərbaycan musiqisinin qədim və zəngin ənənələrindən söhbət açıb. Naxçıvan torpağının yetirmələri olan bəstəkarlar Ərtoğrol Cavid, Məmməd Nəsirbəyov, Nəriman Məmmədov, Rəşid Məmmədov haqqında xatirələrini bölüşüb.

Ustad dərsdə isə bəstəkar ifaçılıq texnikasından, üslub və forma yeniliklərindən danışıb. Bildirib ki, peşəkar musiqiçi olmaq istəyən şagirdlər uşaq musiqi məktəblərində bu sənətə dərindən yiyələnməlidir. Muxtar respublikanın məktəblərində musiqi təhsili üçün hər cür imkan və şərait yaradılmışdır.

Naxçıvan şəhər uşaq musiqi incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllim və tələbələrinin ifasında Üzeyir Hacıbəyovun “Koroğlu” operasından “Rəqs”, Ərtoğrol Cavidin “Ay nəğməsi”, “Sonatina”, “Melodiya”, “Batabat yaylaqları”, “Noktürn”, Vasif Adıgözəlovun “Qərənfil”, Faiq Sücəddinovun “Vətən balladası”, “Gül açdı” xalq mahnısı və başqa musiqi əsərləri ifa olunub.

Sonda Tofiq Bakıxanov gənc musiqiçilərə yaradıcılıq tövsiyələri verib, onların suallarını cavablandırıb.




Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
11.04.2019











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019