Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















Kamera Orkestrinin Sədərək Rayon Mədəniyyət Sarayında konserti olub

      Martın 11-də Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin Sədərək Rayon Mədəniyyət Sarayında konserti olub.

Konsertin aparıcısı bildirib ki, 2019-cu il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 21 yanvar 2019-cu il tarixli Sərəncamı ilə muxtar respublikanın 95 illiyinə həsr olunmuş Tədbirlər Planını təsdiq etmişdir. Tədbirlər Planında Naxçıvan Muxtar Respublikasının 95 illiyinin geniş qeyd edilməsi üçün bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivləri də bu tədbirlərdə fəal iştirak edəcəklər. Bugünkü konsert proqramı da bu yubileyə həsr olunmuşdur.

Qeyd edilib ki, son illər qədim diyarımızın siması dəyişmiş, şəhər və rayon mərkəzləri abadlaşdırılmış, yeni infrastruktur obyektləri inşa olunmuş, bir sözlə muxtar respublikamız yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri muxtar respublikanın tanınmış orkestrlərindən biridir. Kollektivin çıxışları musiqisevərlər tərəfindən həmişə rəğbətlə qarşılanır. Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin repertuarında Avropa bəstəkarlarının əsərləri, klassik instrumental kamera musiqisi ilə yanaşı, Azərbaycan bəstəkarlarının musiqi əsərləri də mühüm yer tutur. Orkestrin bədii rəhbər və dirijoru Azərbaycan Respublikasının Xalq artisti Çingiz Axundovdur.

Orkestr əvvəlcə böyük bəstəkarımız Fikrət Əmirovun “1001 gecə” baletindən “Final”ı ifa edib.

Sonra Azərbaycan Respublikasının Əməkdar artistləri Gülyanaq Fərzəliyeva, Tural Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Azər Cəfərli, Elçin Nağıyev və müğənnilər İlkin Abdullayev, Samir İsmayılov, Rahim Əsgərzadə, Ruhiyyə Hüseynova Azərbaycan bəstəkarlarının mahnılarını ifa ediblər. Onların ifasında səslənən Tofiq Quliyevin “Bakı”, “Neftçi mahnısı”, Vidadi Heydərovun “Naxçıvan” və başqa bəstəkar, xalq mahnıları alqışlarla qarşılanıb. Konsertdə Üzeyir Hacıbəyovun “Koroğlu”, Müslüm Maqomayevin “Şah İsmayıl”, Fikrət Əmirovun “Sevil” operalarından, Qara Qarayevin “İldırımlı yollarla” baletindən səslənən musiqilər də xoş ovqat yaradıb.

Konsert bütün solistlərin ifasında Rauf Hacıyevin “Azərbaycan” mahnısı ilə başa çatıb.




Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
11.03.2019











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019