Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Məktəblilərə növbəti film nümayişi keçirilmişdir

      11 yanvarda Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhər 1, 4 və 6 nömrəli tam orta məktəblərin şagirdlərinə “Hüseyn xan Naxçıvanski (Qayıdış)” sənədli filminin nümayişi olmuşdur.

Tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov qeyd etmişdir ki, Mədəniyyət və Təhsil nazirliklərinin birgə tədbirlər planına uyğun olaraq ayda bir dəfə ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlərin, Azərbaycan kinofilmlərinin nümayişi təşkil edilir. Bugünkü tədbirdə “Hüseyn xan Naxçıvanski (Qayıdış)” sənədli filmi nümayiş olunacaq. Vuğulanıb ki, qədim Naxçıvan torpağı görkəmli şəxsiyyətlər, sərkərdələr yetişdirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində bu şəxsiyyətlərin yubileyləri keçirilir, həyat və fəaliyyətləri öyrənilir və təbliğ edilir, onlar haqqında sənədli filmlər hazırlanır, kitablar nəşr olunur.

Belə şəxsiyyətlərdən biri də Hüseyn xan Naxçıvanskidir. Azərbaycanda məşhur hərbi xadimlər ailəsi kimi tanınmış Naxçıvanskilər nəslinin yetirməsi olan Hüseyn xan Naxçıvanski şərəfli döyüş yolu keçib, gənc nəsil üçün vətənpərvərlik nümunəsi yaradıb. O, süvari alayındakı iyirmi illik xidməti zamanı kornetdən polkovnikə qədər yol keçib, rus-yapon müharibəsində 2-ci Dağıstan Süvari Alayına komandanlıq edib. Müharibədən sonra rus ordusunun şöhrətli alaylarına - Nijeqorodsk draqun və leyb-qvardiya süvari alaylarına rəhbərlik edib.

Birinci Dünya müharibəsinin ilk günlərindən Hüseyn xan Naxçıvanski diviziya və süvari korpusların komandiri kimi ön cəbhədə olub, döyüş tapşırıqlarını şərəflə yerinə yetirib, əlahəzrətin general-adyutantı rütbəsinə qədər yüksəlib. Hüseyn xan Naxçıvanski öz igidliyi, hünər və rəşadəti ilə şanlı səhifələr yazıb.

Rejissor Valentina Qurkalenko tərəfindən 2014-cü ildə “Salnamə” sənədli filmlər studiyası və “Lennauçfilm” studiyası ilə birgə istehsal edilmiş filmdə Hüseyn xan Naxçıvanskinin həyat və fəaliyyətindən bəhs edilir.

Tarixi faktlardan, xüsusilə də arxiv materiallarından geniş istifadə olunmuş filmin çəkilişləri Naxçıvan, Bakı və Sankt-Peterburqda aparılmışdır.

Film məktəblilər tərəfindən böyük maraqla qarşılanmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
11.01.2021













Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2021