Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Seminar-treninq keçirilmişdir

      Sentyabrın 10-da Məhəmməd Tağı Sidqinin Ev Muzeyində “Memorial muzeylərdə uçot mühafizə işinin təşkili” mövzusunda seminar-treninq keçirilmişdir.

Nazirliyin sisteminə daxil olan muzeylərin əməkdaşlarının iştirak etdiyi tədbirin məqsəd və əhəmiyyətindən danışan mədəni irs və muzey işi üzrə baş məsləhətçi Qumral Əsədova giriş sözü ilə çıxış edərək bildirmişdir ki, muxtar respublikada müxtəlif profilli muzeylər fəaliyyət göstərir. Muzeylərə bu gün xüsusi diqqət göstərilir, onların maddi-texniki bazası gücləndirilir, əməkdaşların peşəkarlıq səviyyəsi yüksəldilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamından sonra muzeylərin ziyarətçilərinin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunur.

Qeyd olunmuşdur ki, bu gün keçirilən seminar-treninq il ərzində təşkil olunmuş doqquzuncu seminar-treninqdir. Keçirilən seminar-treninqlərdə muzey əməkdaşları vəzifə funksiyalarını dərindən öyrənməyə səy göstərməklə yanaşı, muzey işi haqqında ətraflı məlumat əldə etmiş olurlar. Eyni zamanda, seminar-treninqlər muzey işçilərinin muxtar diyarımızın bütün bölgələrində yerləşən muzeylərlə tanış olmalarına şərait yaratmaq baxımından da əhəmiyyətlidir. Belə tədbirlərdə muzey əməkdaşlarına bu sahədə həyata keçirilən yeniliklərdən söhbət açılır, onların sualları cavablandırılır.

Vurğulanmışdır ki, Nazirliyin sisteminə daxil olan 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir ki, bu muzeylər içərisində memorial-ev muzeylərinin özünəməxsus yeri vardır. Bu muzeylər adını daşıdığı şəxsin və ya təbliğ etdiyi tanınmış şəxslərin və ya nəslin tanıdılmasında və onun irsinin qorunmasında mühüm əhəmiyyətə malikdir.

Tədbirdə Cəlil Məmmədquluzadənin Ev Muzeyinin baş fond mühafizi-elmi işçisi Kəmalə Allahverdiyeva “Ev muzeylərində uçot-mühafizə işinin təşkili” mövzusunda çıxış edərək bildirmişdir ki, uçot-mühafizə işi muzey işinin əsasını təşkil edən 2 ən mühüm sahədən biridir. Ev muzeylərində uçot-mühafizə işinin aparılması əsasən xatirə muzeyi yaradılmış şəxsə və onun yaşadığı dövrə aid eksponatların toplanması, qəbul edilməsi və fond kitablarında qeydiyyata alınması prosesini əhatə edir. Hər bir muzeyin profilinə uyğun olaraq eksponatlar əvvəlcədən müəyyən edilmiş elmi inventar kitablarına işlənir və onlara uçot nişanı vurulur.

Çıxışda ev muzeylərində saxlanılan muzey sərvətlərinin uçotu və mühafizəsinə dair təlimatda muzey fondlarının tərkibinə daxil olan muzey əşyalarının vahid uçot, elmi inventarlaşdırma və bərpa sistemində nəzərdə tutulan məsələlər haqqında ətraflı məlumat verilmiş, muzey fondlarının tərkibi və fondların dövlət qeydiyyatı, muzey əşyalarının elmi inventarizasiyası, ümumi mühafizə qaydaları və başqa məsələlərə toxunulmuşdur.

Sonra mövzu ilə bağlı müzakirə aparılmış, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirdən sonra Məhəmməd Tağı Sidqinin, Akademik Yusif Məmmədəliyevin və Məmməd Səid Ordubadinin ev muzeylərinin ekspozisiyasına baxış keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
10.09.2019








Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019