Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Onlayn biblioqrafik icmal keçirilib

      9 iyul tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Republika Kitabxanasının təşkilatçılığı ilə görkəmli şair, maarif və mətbuat xadimi Seyid Əzim Şirvaninin anadan olmasının 185 illiyi münasibətilə əsərlərinin onlayn biblioqrafik icmalı keçirilib.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova tədbiri giriş sözü ilə açaraq, onun məqsəd və mahiyyəti haqqında məlumat vermişdir. O, qeyd etmişdir ki, zəngin ədəbi yaradıcılığa malik olan Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaninin bədii irsi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Seyid Əzim Şirvani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabişləmə və kataloqlaşdırma şöbəsinin müdiri Südabə Heydərova “Seyid Əzim Şirvaninin həyatı və yaradıcılığı” mövzusunda çıxış edərək bildirmişdir ki, Seyid Əzim Şirvani 1835-ci il iyul ayının 10-da Şamaxıda ruhani ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ikən Şamaxının tanınmış, mötəbər şəxslərindən olan atası Seyid Məhəmməd vəfat etmişdir. Seyid Əzim ana babası molla Hüseynin himayəsi altında yaşamışdır. Babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim təxminən 10 il sonra Şamaxıya qayıdır və burada mədrəsədə oxuyub orta ruhani təhsilini tamamlayır. 1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşlı gənc Seyid Əzimi İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparır. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir. Şamaxıya qayıtdıqdan sonra 1869-cu ildə orada yeni üsul üzrə məktəb açaraq ömrünün axırına qədər burada müəllimlik edir. Köhnə mollaxanalardan fərqli olaraq o, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini tədris edir, tarix, coğrafiya, hesab və s. fənlərdən ibtidai məlumat da verirdi. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində oxumuşlar. Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvani 1888-ci il mayın 20-də Şamaxıda vəfat etmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının metodika və biblioqrafiya şöbəsinin müdiri Fəridə Ələsgərova Seyid Əzim Şirvaninin kitabxananın fondunda olan əsərləri haqqında məlumat vermişdir. O, qeyd etmişdir ki, kitabxananın fondunda şairin latın və kiril qrafikası ilə çap olunmuş bir sıra əsərləri vardır. Bunlara misal olaraq şairin müxtəlif illərdə yazdığı şeirləri, qəzəlləri, nəsihətləri, təmsilləri, mənzum və mənsur hekayələrini misal göstərmək olar. 2013-cü ildə çap edilmiş 2 cildlik seçilmiş əsərlərində isə şairin klassik şeirin bütün janrlarında yazdığı əsərləri, həmcinin, görkəmli şəxslərə ünvanladığı məktubları da yer almışdır.

Bir saata yaxın davam edən tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular iştirak etmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
10.07.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020