Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Şərur rayonunda "Xalq yaradıcılığı günü" keçirilib

"Milli adət və ənənələrin öyrənilməsi, təbliği və onların milli dəyərlər sistemindəki rolunun tədqiqi hər zaman aktual olub. Çünki milli adət və ənənələr tarixin bütün mərhələlərində ictimai-mədəni tərəqqinin əsas göstəricisi kimi nəzərə çarpır. Cəmiyyət inkişaf etdikcə adət və ənənələr də təkmilləşmiş, millətin, xalqın yaradıcılıq nümunələrini yaşatmış, nəsildən nəsilə ötürülmüşdür. Yeni yaranan hər bir milli dəyər isə tarixi ənənələrimizin varisi kimi təşəkkül tapmışdır. Bu səbəbdən də bütün dövrlərin adət və ənənələrində baş verən yeniliklərin, istiqamətlərin öyrənilməsinə və cəmiyyətdə təbliğinə böyük ehtiyac vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı muxtar duyarımızda xalq yaradıcılığı nümunələrinin, milli dəyərlərimizin aşkarlanması, təbliği və tətbiqinə yönəlmiş fəaliyyət istiqamətlərinin müəyyənləşməsində böyük əhəmiyyət kəsb etməkdədir".

Bu fikirlər iyulun 10-da Şərur rayonunun Axura kəndində keçirilən ənənəvi "Xalq yaradıcılığı günü"ndə səsləndirilib. Şərur Rayon Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Şərur Rayon Mədəniyyət Şöbəsinin müdiri Həsən Seyidov və Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov bildiriblər ki, muxtar respublikada milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Belə tədbirlər unudulmaqda olan milli dəyərlərimizin yenidən xalqımıza qaytarılmasında mühüm rol oynayır.

Qeyd olunub ki, xalq yaradıcılığının, əsrlərboyu yaranan mənəvi və maddi-mədəniyyət nümunələrinin öyrənilməsi, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların geniş şəkildə tətbiq və təbliğ olunması mühüm əhəmiyyət kəsb edir. Ötən müddət ərzində muxtar respublikamızda xalq yaradıcılığının inkişafı və qorunub saxlanması istiqamətində bir sıra işlər görülüb, folklor kollektivlərinin və xalq teatrlarının fəaliyyəti gücləndirilib. Bütün bunların nəticəsidir ki, mədəniyyət evlərində yaradılmış dərnək, folklor, yallı və rəqs qrupları muxtar respublika, eləcə də ölkə əhəmiyyətli müsabiqələrdə uğurla çıxış edir, müxtəlif nominasiyalar üzrə qalib adını qazanırlar.

Vurğulanıb ki, bu gün keçirilən xalq ya­radıcılığı günü mədəniyyətimizin təbliği baxımından əhəmiyyət kəsb etməklə yanaşı, həm də Şərur rayonunun bu sahədə imkanlarının nümayiş etdirilməsinə şərait yaradır.

"Xalq yaradıcılığı günü" tədbirində Şərur Rayon Mədəniyyət Şöbəsinin tabeliyindəki uşaq musiqi məktəblərinin ansambllarının, mədəniyyət evləri və klubların dərnək üzvlərinin, rəqs və yallı qruplarının, eləcə də folklor kollektivlərinin ifasında "Tirməşal", "Gopu" və "Xələfi" yallıları, "Gül açdı, bahar oldu", "Bir dənəsən, bir dənə" və "Bəh-bəh" xalq mahnıları, "Gözəlləmə", "Baş sarıtel" və "Misri" aşıq havaları, "Şəki" və "İnnabı" rəqsləri, "Fincan-fincan" xalq oyunu, "Azərbaycan ritmləri" və digər xalq yaradıcılığı nümunələri təqdim edilib. Kollektivlərin ifaları alqışlarla qarşılanıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
10.07.2019








Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019