Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Sağlamlıq imkanları məhdud uşaqlar üçün “Dərs” filmi nümayiş olunub

İyulun 10-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda sağlamlıq imkanları məhdud uşaqlar üçün“Dərs” filmi nümayiş olunub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nda muxtar respublikanın bir sıra nazirlikləri, komitələri, idarələri qarşısında mühüm vəzifələr qoyulmuş, sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli və mənalı təşkili nəzərdə tutulmuşdur. Muxtar respublikamızda bu kateqoriyadan olan uşaqların təhsili, təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, distant dərslərin keçirilməsi, onların idman məktəblərinə və məktəbdənkənar müəssisələrə cəlbi, istedadlarının üzə çıxarılması üçün bir sıra işlər görülür. Muxtar respublikamızda bu qəbildən olan uşaqların tarix-memarlıq abidələri və muzeylərlə tanışlığı, onlara tətil günlərində kino, konsert və teatr tamaşalarının göstərilməsi də diqqət mərkəzində saxlanılır.

Təşkil olunan bu tədbirdə sağlamlıq imkanları məhdud, aztəminatlı, qaçqın və məcburi köçkün, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara rejissoru Rafiq Əliyev və Cavid Təvəkkül olan “Dərs” filmi nümayiş etdirilmişdir. Film Xalid adlı uşağın məktəb və şəxsi həyatından bəhs edir.

Xalid – öz sinfində heç nəyi ilə fərqlənməyən bir oğlandır. Uşaqlar ona Begemot adı veriblər, çünki o, gonbul və bacarıqsızdır. Amma onun nə qədər itiağıllı və xeyirxah ürəyə malik olduğunu, demək olar, heç kəs görmür. Xalid əsl dost tapmaq arzusundadır, lakin uşaqlar onu ələ salmaqla cavab verirlər. Qarşılaşdığı bütün çətinliklərə baxmayaraq, gün gəlir gənc filosof öz yaşıdlarına, hətta böyüklərə də dərs verir.

Qeyd edək ki, “Dərs” tammetrajlı bədii filminin senari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, bəstəkarı Tünzalə Ağayeva, quruluşçu rəssamı Fikrət Ələkbərovdur.

Ekran əsərində rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.

Film balaca tamaşaçılar tərəfindən maraqla izlənilib.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
10.07.2019








Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019