Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















“Buta” muğam ansamblının Sədərək rayonunda konserti olub

İyunun 10-da Sədərək Rayon Mədəniyyət Sarayında Naxçıvan Musiqi Kollecinin “Buta” muğam ansamblının konserti olub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamlarına əsasən Naxçıvan Musiqi Kollecinin 30 və 40 illik yubileyləri dövlət səviyyəsində qeyd olunub. Hazırda bu təhsil ocağında 10-dan çox ixtisas üzrə kadr hazırlığı aparılır.

Naxçıvan Musiqi Kolleci milli musiqi alətlərimizin və xalq mahnılarımızın yaşadılması, eləcə də klassik və müasir dünya bəstəkarlarının öyrənilməsi, gənc musiqiçi kadrların yetişdirilməsi sahəsində uğurlar əldə etmişdir. Kollec təhsil müəssisəsi kimi fəaliyyəti ilə bərabər, həm də respublika üzrə keçirilən mötəbər tədbirlərdə, el şənliklərində konsert proqramları ilə çıxış edir. 40 ildən artıq fəaliyyət göstərən kollecdə müxtəlif musiqi kollektivləri yaradılmışdır. “Buta” muğam ansamblı da bu kollektivlərdən biridir. Kollektiv gənc muğam ifaçılarından və müğənnilərdən ibarətdir. Kollektivin üzvləri maraqlı konsert proqramları ilə ictimaiyyət qarşısında çıxışlar edirlər. “Buta” muğam ansamblının Naxçıvan Dövlət Televiziyasındakı çıxışları da maraqla qarşılanır.
Konsert proqramı İlkin Abdullayevin ifasında görkəmli bəstəkarımız Ramiz Mirişlinin “Naxçıvan təranəsi” mahnısı ilə başlayıb.

“Buta” muğam ansamblının solistləri Xalid Həsənov, Kənan Cəfərov, Samir İmayılov, İlkin Abdullayev, Ağaxan Məmmədov, Əbülfəz Məmmədov, Nurlan Nuriyev, Azər Əkbərov muğam və təsniflər, xalq və bəstəkar mahnıları ifa ediblər. Ansamblın üzvlərinin ifasında səslənən Oqtay Kazımi, Rauf Hacıyev, Ramiz Mirişli, Emin Sabitoğlu, Əlibaba Məmmədov, Rauf Məmmədov və başqa bəstəkarların “Mehriban insanlar”, “Azərbaycan”, “Peşiman”, “Nə gözəldir Azərbaycan”, “Bəxtiyaram”, “Yaşa mənim xalqım”, “A dağlar qızı”, “Küləklər”, “Gülüb getdi” mahnıları və “Aman-aman ayrılıq” xalq mahnısı konsert iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Konsert Azər Əkbərovun ifasında Əlibaba Məmmədovun “Vətən yaxşıdır” mahnısı ilə başa çatıb.

Konsert Sədərək rayon sakinlərində xoş ovqat yaradıb.



Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
10.06.2019








Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019