Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















“Adət-ənənələrimizin simvolikası – yallı” mövzusunda dəyirmi masa keçirilib

      Aprelin 10-da Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində “Müasir gənclik və mədəniyyətimiz” devizi ilə “Adət-ənənələrimizin simvolikası – yallı” mövzusunda dəyirmi masa keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən dəyirmi masada Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov çıxış edərək bugünkü tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, yallılar əsrlərin süzgəcindən keçərək xalqımıza məxsus bütün xüsusiyyətləri - onun kimliyini, tarixini, mədəniyyətini, etnoqrafiyasını, mifoloji inanclarını keçmişimizdən bu günədək daşıyan və yaşadan xalq rəqslərimizdir. Qədim türk mədəniyyətinin nadir incilərindən olan yallılar nəsillər arasında mənəvi körpüdür. Qürur hissi duyuruq ki, muxtar respublikamızda bu mənəvi körpü yüksək ehtiramla qorunub saxlanılır.

Vurğulanıb ki, tarixi minilliklərlə ölçülən qədim mədəni irsimiz, o cümlədən yallılarımız bu gün beynəlxalq səviyyədə də yetərincə tanıdılır. Ötən il “Yallı” (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi muxtar respublikamızda aparılan mədəniyyət siyasətinin bəhrəsi olmaqla, tükənməz milli sərvətimiz olan xalq yaradıcılığının təbliği ilə bağlı tarixə yazılan mühüm uğurdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun xalq yaradıcılığına diqqət və qayğısı bu uğurun əsas təminatçısıdır. Belə ki, Ali Məclis Sədrinin tapşırığına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yallı sənəti ilə bağlı tədqiqatlar aparıb, bu irsin YUNESKO səviyyəsində qorunması sahəsində tədbirlər həyata keçirib, “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazırlanıb aidiyyəti üzrə təqdim olunub. Nəticədə, milli dəyərlərimizin tərkib hissəsi olan yallılarımızın YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi kimi əhəmiyyətli tarixi uğur qazanılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Şərur yallıları haqqında” 2018-ci il 24 dekabr tarixli Sərəncamı da xalq yaradıcılığına böyük qayğının daha bir ifadəsidir. Təsdiq olunmuş Tədbirlər Planında yallı ilə bağlı tədqiqatların və nota köçürülmə işinin davam etdirilməsi, onların reyestrinin aparılması və digər mühüm məsələlər öz əksini tapmışdır.

Qeyd olunub ki, bu gün muxtar diyarımızın bir sıra bölgələrində, xüsusilə Şərur və Şahbuz toylarında, bayram tədbirlərində, xalq şənliklərində, konsert proqramlarında yallılarımız həvəslə ifa edilir. Yallı həm də bu yerlərin musiqi rəmzinə çevrilib. Yallıda əl-ələ tutub coşqunluqla ünsiyyətdə olan insanlar öz ritmik hərəkətləri ilə ətrafdakılara da olduqca xoş təsir bağışlayırlar.

Sonra Naxçıvan Dövlət Filarmoniyasının direüktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Əsgərovun, filarmoniyanın Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri, Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyevin, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşları Leyla Əlimərdanovanın, Elvin Əhmədovun, İlkin Cabbarovun, “Şərur” Xalq Yallı Ansamblının direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Kimya Babayevanın, ansamblın bədii rəhbəri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Əfsər Novruzovun, ansamblın üzvü Arif Nağıyevin, AMEA Naxçıvan Bölməsinin əməkdaşları tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun, filologiya üzrə fəlsəfə doktorları Elxan Məmmədovun, Aytən Cəfərovanın, Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin müdiri Təranə Cəfərovanın, Kəngərli Rayon Mədəniyyət Sarayının direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Tofiq Rüstəmovun və başqalarının iştirakı ilə “Adət-ənənələrimizin simvolikası – yallı” mövzusunda müzakrə aparılıb. Müzakirələrdə “Şərur” Xalq Yallı Ansamblının yallılarımızın təbliği və tanıdılmasında rolundan, milli birlik rəmzi yallılarımızın həm də adət-ənənələrimizi özündə ehtiva etməsindən, Naxçıvan folklorunda yallılardan, yallılarımızın təbliği ilə bağlı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi, eləcə də nazirliyə tabe müəssisələr tərəfindən həyata keçirilən tədbirlərdən və yallılarımızın gənclər arasında təbliğindən söhbət açılıb.

Diskussiya şəklində keçən dəyirmi masada qarşılıqlı fikir mübadiləsi aparılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.




Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
10.04.2019











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019