Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















Seminar-treninq keçirilib

      Aprelin 10-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində muzey əməkdaşları üçün seminar-treninq keçirilib.

Nazirliyin sisteminə daxil olan muzeylərin əməkdaşlarının iştirak etdiyi tədbirin məqsəd və əhəmiyyətindən danışan nazirliyin baş məsləhətçisi Qumral Əsədova giriş sözü ilə çıxış edərək bildirib ki, muxtar respublikada müxtəlif profilli muzeylər fəaliyyət göstərir. Muzeylərə bu gün xüsusi diqqət göstərilir, onların maddi-texniki bazası gücləndirilir, əməkdaşların peşəkarlıq səviyyəsi yüksəldilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamından sonra muzeylərin ziyarətçilərinin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunur.

Qeyd olunub ki, keçirilən seminar-treninqlərdə muzey əməkdaşları vəzifə funksiyalarını dərindən öyrənməyə səy göstərməklə yanaşı, muzey işi haqqında ətraflı məlumat əldə etmiş olurlar. Eyni zamanda, seminar-treninqlər muzey işçilərinin muxtar diyarımızın bütün bölgələrində yerləşən muzeylərlə tanış olmalarına şərait yaratmaq baxımından da əhəmiyyətlidir. Belə tədbirlərdə muzey əməkdaşlarına bu sahədə həyata keçirilən yeniliklərdən söhbət açılır, onların sualları cavablandırılır.

Vurğulanıb ki, 2018-ci ildə muxtar respublikanın muzeylərinə 1564 eksponat daxil olmuşdur. Bu müddətdə muzeylərimizi 592 min 683 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan da 178 mindən çoxu xarici ölkə vətəndaşı olmuşdur. Ötən il muzeylərimizdə 19 seminar-treninq keçirilmiş, muzey işi ilə bağlı 4 dəyirmi masa təşkil edilmişdir.

Tədbirdə Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov “Muzeylərdə mədəni-kütləvi tədbirlərin təşkili” mövzusunda çıxış edərək bildirmişdir ki, bu mədəniyyət ocaqlarında əlamətdar və tarixi günlərlə bağlı keçirilən tədbirlərdə gənclərin və tələbələrin iştirakı təmin edilməlidir. Mədəni-kütləvi tədbirlərin keçirilməsində forma müxtəlifliyinə diqqət yetirmək də vacib məsələlərdəndir. Mədəni-kütləvi tədbirlərdə maarifçilik və məlumatlandırmaq istiqaməti də əsas olmalıdır. Muzeylərin öz profillərinə uyğun mədəni-kütləvi tədbir keçirməsi də əsas şərtlərdən biridir.

Tədbir iştirakçıları Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasına da baxmışlar. Onlara məlumat verilmişdir ki, muzeydə Şərur rayonunun tarixini, mədəniyyətini, etnoqrafiyasını və təbiətini əks etdirən 7 mindən çox eksponat mühafizə olunur. Seminar-treninqdə mövzu ilə bağlı muzey əməkdaşlarının sualları cavablandırılmışdır.




Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
10.04.2019











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019