Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna
qədim əlyazma və kitablar hədiyyə edilib

      Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hədiyyə olunan qədim əlyazma və çap kitablarının təqdimatı keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq muxtar respublika ərazisindən toplanılan əlyazma və qədim çap kitablarının tariximizin və mədəniyyətimizin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıdığını söyləyib və bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb. Ötən illərdə də Mədəniyyət Nazirliyi tərəfindən bir çox qədim əlyazma və çap kitabının Əlyazmalar Fonduna hədiyyə edildiyini bildirən akademik vurğulayıb ki, müxtəlif tarixi qaynaqları əhatə edən bu nadir sənət əsərləri bir çox sahələrin öyrənilməsində yeni mənbə rolunu oynayır.

Sonra Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, hər bir xalqın qədimliyi onun mədəniyyətinin zənginliyi ilə dəyərləndirilir. Dünya mədəniyyəti xəzinəsinə görkəmli tarixi şəxsiyyətlər – şair, filosof, elm və sənət adamları bəxş etmiş Azərbaycan xalqı da əvəzsiz yazı sənəti, əlyazma sərvəti ilə dünya mədəniyyətində özünəlayiq yer tutur.

Tarixi mənbələrdən məlum olduğu kimi, XI əsrdən etibarən Azərbaycan ərazisində ərəb, fars və türk dillərində nəfis əlyazma nümunələri yaranmış, dünyanın elm və mədəniyyət dühalarının kitabları Azərbaycana gətirilərək milli kitab mədəniyyəti zənginləşmişdir. Mənbələr orta əsrlərdə Azərbaycan ərazisində 1 milyondan artıq əlyazma kitabının toplandığını göstərir. Bu yazılı abidələr təkcə xalqımızın deyil, Yaxın və Orta Şərqin orta və sonrakı yüzilliklərdəki ictimai-siyasi vəziyyətini, eləcə də elmi-mədəni mühitini özündə əks etdirmişdir. Bu gün də tarixin müxtəlif dövrlərində əlyazma və kitab şəklində yazıya alınmış qədim kitab nümunələri xalqımızın milli mədəniyyətini və qədim keçmişini, eləcə də dərin bilik və mədəni qabiliyyətini özündə ehtiva etməkdədir.

Qeyd olunmuşdur ki, tarixi və mədəni əhəmiyyət kəsb edən eksponatların, həmçinin qədim əlyazma və kitab nümunələrinin profil istiqamətləri üzrə muzeylərə və elmi-tədqiqat müəssisələrinə hədiyyə edilməsi artıq ənənə halını almış, muxtar respublikada qədim tariximizə, zəngin mədəniyyətimizə göstərilən yüksək diqqət və qayğının əməli nəticəsi kimi dəyərləndirilməklə muzeylərimizin və elmi müəssisələrin fondlarının zənginləşməsinə töhfələr verməkdədir. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən bu ilin fevral ayında da AMEA Naxçıvan Bölməsinə hədiyyə edilmiş qədim əlyazma və kitabların təqdimat mərasimi keçirilmişdir.

Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki muzeylərə bu il 787 ədəd yeni eksponat daxil olmuşdur. Muxtar respublikada mövcud olan muzeylərimizin fəaliyyəti pandemiya dövrü ilə əlaqədar onlayn formada təşkil edilmişdir. Bu müddət ərzində muzeylərmizdə 11 canlı yayımla ekskursiya keçirilmiş, həmçinin muzeylərdə mövcud olan maddi-mədəniyyət nümunələrinin virtual təqdimatından ibarət 3 min 041 videomaterial sosial şəbəkələrdə nümayiş olunmuşdur.

AMEA Naxçıvan Bölməsinə hədiyyə edilən qədim əlyazma və kitabların qədim diyarımızın tarixinin, burada mövcud olmuş zəngin mədəniyyətimizin elmi şəkildə və əhatəli formada öyrənilməsində, eyni zamanda, təbliğində rol oynaya biləcəyini vurğulayan nazir qeyd etmişdir ki, bugünkü təqdimat mərasimində AMEA Naxçıvan Bölməsinə hədiyyə edilən 39 sayda kitab, jurnal və dərsliklər əski əlifba ilə olmaqla Azərbaycan, ərəb və fars dillərindədir. Bu kitablar içərisində nəsrlə yanaşı, nəzmlə yazılanları da mövcuddur. Hədiyyə edilən kitablar arasında ədəbi şəxsiyyətlərin həyat və yaradıcılığından bəhs edən, eləcə də tarixi hadisələrin təsvir və şərhlərinin verildiyi nümunələr də mövcuddur.

Nazir Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi adından bugünkü təqdimat mərasiminin baş tutmasında rolu olan Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyevə təşəkkürünü bildirmişdir.

Natəvan Qədimova çıxışının sonunda tariximizi, keçmişimizi və mədəniyyətimizi qorumaq hər birimizin vətəndaşlıq borcudur. Naxçıvan Muxtar Respublikasında mədəniyyətimizin, tariximizin öyrənilməsinə, bu sahələrin elmi əsaslarla əhatəli şəkildə tədqiqinə göstərdiyi böyük diqqət və qayğıya görə muxtar respublikanın Mədəniyyət Nazirliyi adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığımızı bildirirəm.

Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev çıxış edərək tarixi əhəmiyyət kəsb edən maddi mədəniyyət və nadir sənət nümunələrinin toplanılması, öyrənilməsi və təbliğinin zəruriliyini qeyd edib.

Sonra AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya elmlər doktoru Fərman Xəlilov qeyd etmişdir ki, qədim əlyazma və kitabları tədqiq etmək, bu dəyərli əsərləri mühafizə edib gələcək nəsillərə çatdırmaq xalqımızın tarixinin və keçmişinin gələcəyə çatdırılması deməkdir. O, təqdim olunan kitablar haqqında ətraflı məlumat vermiş, əlyazma və qədim çap kitablarının təqdiminə görə minnətdarlıq etmişdir.

Sonda AMEA Naxçıvan Bölməsinə hədiyyə edilən kitablara baxış olub.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
09.09.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020