Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















General-mayor Cəmşid Naxçıvanskinin anadan olmasının
124-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

      Avqustun 9-da “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində general-mayor Cəmşid Naxçıvanskinin anadan olmasının 124-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin və Nazirliyin tabeliyində olan mədəni-maarif müəssisələri əməkdaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədova açıb.

Daha sonra “Azərbaycanın görkəmli sərkərdəsi Cəmşid xan Naxçıvanski” mövzusu ilə çıxış edən Cəmşid Naxçıvanskinin Ev Muzeyinin direktoru Abasət Nuriyev qeyd edib ki, yurdumuzun şanlı tarixinə adını qızıl hərflərlə yazmış elə nəsillər, elə sərkərdələr olub ki, onlar öz mərdliyi, igidliyi ilə vətənimizin azadlığına, müstəqilliyinə mühüm töhfələr veriblər. Azərbaycanın hərb tarixində görkəmli rol oynamış belə sərkərdələrdən biri də milli hərb tariximizə 6 general bəxş etmiş Kəngərlilər nəslinin sonuncu generalı Cəmşid xan Naxçıvanskidir. Cəmşid Naxçıvanskinin həyatından geniş formada bəhs edən Abasət Nuriyev vurğulayıb ki, 1981-ci ilin avqustunda ümummilli lider Heydər Əliyev Cəmşid Naxçıvanskinin 85 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə generalın Vətənində-Naxçıvan şəhərində onun ev muzeyinin yaradılması haqqında qərar qəbul edir. Ümummilli liderin siyasi məktəbinin davamçıları bu gün onun yolunu uğurla davam etdirirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2 aprel 2015-ci il tarixli Sərəncamı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar “Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 09 aprel 2015-ci il tarixli Sərancamı Naxçıvanskilərə olan dövlət qayğısının bariz nümunəsidir. Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı sayəsində Cəmşid Naxçıvanskinin Ev Muzeyi kimi fəaliyyət göstərən ata evində son əsaslı təmir və bərpa işləri aparılır.

Tədbirin davamında Cəmşid Naxçıvanskinin Ev Muzeyinin baş fond mühafizi-elmi işçisi, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Gülnaz Hüseynovanın “Azərbaycanın ilk Milli Diviziyası-Xəzər dənizindən Baltik dənizinədək şərəfli döyüş yolu” və “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin baş fond mühafizi-elmi işçisi Zülfiyyə Əliyevanın “Azərbaycan hərb tarixində Naxçıvanskilərin rolu” mövzularında çıxışları dinlənilib.

Sonra muzeyin ekspozisiyasına baxış olub.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
09.08.2019








Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019