Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Seminar-treninq keçirilmişdir

      Avqustun 8-də Hüseyn Cavidin Ev Muzeyində “Ərtoğrol Cavid irsinin qorunmasında və təbliğ olunmasında Hüseyn Cavidin Ev Muzeyinin rolu ” adlı seminar-treninq keçirilmişdir.

Nazirliyin sisteminə daxil olan muzeylərin əməkdaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva seminarın məqsəd və əhəmiyyətindən danışmışdır.

Qeyd olunmuşdur ki, Ərtoğrol Cavid 22 oktyabr 1919-cu ildə Bakı şəhərində dünyaya göz açmışdır. O, 1936–1940-cı illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində təhsil almış, institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra musiqiyə olan sonsuz məhəbbəti onu 1941-il Bakı Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olmağa yönləndirmişdir.

Ərtoğrol Cavid avropa və rus bəstəkarlarını ayrıca notlar şəkilində çap olunmuş romans və mahnılarını Azərbaycan dilinə tərcümə etmiş, 200-dən çox el havasını nota köçürmüş, dastan və nağılların mətnlərini yazıya almışdır. Qələmini dramaturgiya və poeziya sahəsində də sınamış Ərtoğrol bəy uğurlu əsərlər yaratmışdır.

1942-ci ildə “xalq düşməni”nin oğlu olaraq damğalanan Ərtoğrol Cavid Gürcüstandakı fəhlə batalyonunda ağır, dözülməz işlərə cəlb olunmuş və 1943-cü il noyabrın 14-də, doğma diyarı Naxçıvanda dünyasını dəyişmişdir.

Vurğulanmışdır ki, Ərtoğrol Cavid irsinin öyrənilməsi dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılmış, onun məzarı ailəsi ilə birlikdə Hüseyn Cavid Məqbərəsinə köçürülmüş, Ərtoğrol Cavid irsi geniş formada tədqiq olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” 18 aprel 2019-cu il tarixli Sərəncamı göstərilən dövlət qayğısının bariz təzahürüdür. Bildirilib ki, həmin Sərəncamın icrası ilə bağlı Nazirliyin “Tədbirlər Planı” təsdiq olunmuş və bu plan əsasında bir sıra tədbirlər həyata keçirilmişdir.

Seminar-treninqin davamında Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Bəhruz Axundov “Ərtoğrol Cavid irsinin qorunmasında və təbliğ olunmasında Hüseyn Cavidin Ev Muzeyinin rolu” mövzusunda çıxış edərək qeyd etmişdir ki, Naxçıvan şəhərlərində yaradılmış Hüseyn Cavidin Ev Muzeyinin ekspozisiyalarında Ərtoğrol Cavidə həsr edilmiş guşələr yaradılmışdır. Bu guşələrdə ona məxsus olan əşyalar, sənədlər, əlyazmalar, fotoşəkillər, musiqi əsərlərinin not yazıları nümayiş olunur. Hüseyn Cavidin Ev Muzeyi yarandığı gündən bugünədək şair-dramaturqa və onun ailə üzvlərinə aid muzey fondunda 9500-ə yaxın eksponat toplanaraq mühafizə olunur ki, bunlardan 227-si ədibin dünyadan vaxtsız köçmüş istedadlı oğlu Ərtoğrol Cavidlə bağlıdır.

Sonra mövzu ilə bağlı müzakirə aparılmış, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
08.08.2019








Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019