Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















Milli Teatr Günü qeyd olunub

      Martın 9-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Milli Teatr Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, sənət adamlarına diqqət və qayğı ilə yanaşan ölkə Prezidenti cənab İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən hər il 10 mart ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd edilir. Nazir bu münasibətlə bütün tədbir iştirakçılarını və teatr ictimaiyyətini təbrik edib.

Qeyd edilib ki, 1873-cü il martın 10-da əsası qoyulmuş Azərbaycan milli teatrı və bundan 10 il sonra 1883-cü il mayın 11-də əsası qoyulmuş Naxçıvan teatrı uzun və şərəfli yol keçmişdir.

Azərbaycanda teatrların inkişafında daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. “Teatr Azərbaycanda mədəniyyətin, xalqın milli ruhunun, milli dirçəlişinin inkişafında, ümumiyyətlə, xalqımızın mədəni səviyyəsinin yüksəldilməsində böyük rol oynamışdır” – deyən görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə milli teatrımız əsl inkişaf və intibaha qovuşmuş, maddi-texniki bazası gücləndirilmiş, peşəkar aktyor və rejissor kollektivləri formalaşmışdır. Müstəqillik illərində də teatrlara diqqət və qayğı artırılmış, yazıçı, aktyor və rejissorların yaradıcılıq şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, onların əməyi dövlətimiz tərəfindən qiymətləndirilmişdir. Ölkə Prezidenti İlham Əliyevin 2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, 2007-ci ildə “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncamı, 2009-cu ilin may ayında isə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı bu sahənin inkişafına böyük töhfə vermişdir.

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşü və 4 mart 2019-cu il tarixdə “Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı bu sahənin inkişafına göstərilən növbəti qayğının bariz nümunəsidir.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında da teatrların fəaliyyətinə hərtərəfli dövlət qayğısı göstərilir. Hazırda muxtar respublikada fəaliyyət göstərən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, onların asudə vaxtlarının mənalı təşkilində əhəmiyyətli rol oynayır.

Son illər ərzində Naxçıvanda fəaliyyət göstərən teatrların yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənmiş, kollektivlər milli dəyərlərimizin peşəkar təbliğatçısına çevrilmişlər.

Naxçıvan teatrı tarixi boyu görkəmli dramaturqların əsərlərini səhnəyə qoymaqla teatrsevərləri dünya klassiklərinin yaradıcılıqları ilə tanış etmiş, xalqımızın bəşəri sərvətlər xəzinəsinə yiyələnməsində əvəzsiz xidmətlər göstərmişdir.

Naxçıvan teatrının tarixi tədqiqi ilə də bağlı bir sıra uğurlu işlər həyata keçirilmiş, tədqiqat əsərləri yazılmış, monoqrafiya və kitablar nəşr olunmuşdur.

Naxçıvan teatrı üçün ixtisaslı gənc aktyorların yetişdirilməsi məqsədilə də muxtar respublikada mühüm addımlar atılmış, Naxçıvan Dövlət Universitetində Aktyorluq sənəti, Naxçıvan Musiqi Kollecində bədii yaradıcılıq işi ixtisaları yaradılmışdır. Bunun nəticəsidir ki, hər il istər dövlət, istərsə də xalq teatrlarının heyətinə onlarla gənc gəlir, uğurla canlandırdıqları obrazlarla teatrsevərlərin qəlbinə yol tapırlar – deyən nazir bildirib ki, muxtar respublikada teatr sənətini yaşadan sənət adamlarının əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, yaradıcı insanlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatlarına layiq görülürlər.

Vurğulanıb ki, Milli Teatr Gününü qeyd edən Naxçıvan teatrı qarşıdakı illərdə də bir-birindən maraqlı səhnə əsərləri ilə daha böyük uğurlara imza atacaq, dövlətçiliyə xidmət edən və milli dəyərləri yaşadan əsərləri səhnəyə gətirməklə dövlət və xalq birliyinin sarsılmazlığını əks etdirən tamaşalarla insanları sevindirəcəkdir. Nazir çıxışının sonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə muxtar respublikada mədəniyyətin inkişafına, xüsusilə də teatr sənətinin inkişafına göstərdiyi diqqət və qayğıya görə bütün tədbir iştirakçıları adından minnətdarlığını bildirib.

Tədbirin bədii hissəsində dahi Azərbaycan şair-dramaturqu Hüseyn Cavidin “Xəyyam” mənzum dramı əsasında hazırlanmış tamaşa göstərilib.

Hüseyn Cavid dramaturgiyasının fəlsəfi fikir istiqamətini, ideya-məfkurəvi axtarışlarını ümumiləşdirən bu əsər dəyərli sənət nümunəsidir. “Xəyyam” romantik üslubda yazılmış dram olsa da seçilən mövzu, hadisə və insanlar tarixi həqiqətlərə əsaslanaraq qələmə alınmışdır. Lakin şair burada əfsanələrdən gələn həqiqətlərin vəhdətindən istifadə etmişdir.

Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidovun quruluş verdiyi tamaşanın rəssamı Xalq rəssamı Hüseynqulu Əliyev, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimovadır. Aktyorlardan Tofiq Seyidov, Nurbəniz Niftəliyeva, Məmməd Mehdiyev, Səyyad Məmmədov, Ələsgər Quliyev, Həsən Ağasoy, Zakir Fətəliyev, Anar Eyvazov, Bəhruz Haqverdiyev və başqaları obrazların dili ilə əsərin uğurlu həllinə nail olublar.

Romantik pafos və həqiqətə çatmağa göstərilən cəhd tamaşanın ədəbi-bədii məramının əsas istiqamətidir.




Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
09.03.2019











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019