Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















“Gənclik” instrumental ansamblının konserti olub

      Fevralın 9-da Culfa Rayon Mədəniyyət Sarayında Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental Ansamblının Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş konserti olmuşdur.

Qeyd edək ki, kollecdə milli musiqi alətlərimizin və xalq mahnılarımızın yaşadılması, eləcə də klassik və müasir dünya bəstəkarlarının öyrənilməsi, gənc musiqiçi kadrların yetişdirilməsi sahəsində uğurlar əldə edilib. Kollecinin məzunları ölkəmizin mədəniyyət müəssisələrində, uşaq musiqi məktəblərində çalışaraq musiqi mədəniyyətimizə xidmət göstərirlər. Kollec təhsil müəssisəsi kimi fəaliyyəti ilə bərabər, həm də respublika üzrə keçirilən mötəbər tədbirlərdə, el şənliklərində konsert proqramları ilə çıxış edir. 40 ildən artıqdır ki, kollecdə müxtəlif musiqi kollektivləri də yaradılıb. “Gənclik” instrumental ansamblı da bu kollektivlərdən biridir.

Kollektivin üzvləri Azərbaycan bəstəkarlarının mahnılarından ibarət maraqlı konsert proqramı ilə ictimaiyyət qarşısında çıxış edirlər. Gənc istedadlar musiqi sənətimizi təbliğ etməklə yanaşı, keçirilən müsabiqələrdə də fəal iştirak edirlər. Ansamblda yeni istedadların kollektivə cəlb edilməsi və repertuar zənginliyinə diqqət əsas məsələlərdəndir. Hazırda kollektiv qarşıdan gələn Novruz şənliklərinə yeni repertuar hazırlayır. “Gənclik” instrumental ansamblının Naxçıvan Dövlət Televiziyasındakı çıxışları da maraqla qarşılanır. Ansamblın bədii rəhbəri Sahil Qasımovdur.

Konsertdə əvvəlcə ansamblın ifasında şən musiqi kompozisiyası səslənmişdir. Sonra ansamblın müşayiəti ilə gənc müğənni Samir İsmayılovun ifasında bəstəkar Tofiq Quliyevin “Naxçıvanım”, “Nargilə”, Cahangir Cahangirovun “Teymurun mahnısı”, Ələkbər Tağıyevin “Yadıma düşdü”, mahnıları konsertin tamaşaçılarında xoş ovqat yaradıb.

“Gənclik” instrumental ansamblının solistləri İlkin Abdullayev Tofiq Quliyevin “Badamlı”, Ramiz Mirişlinin “Naxçıvan təranələri”, Ələkbər Tağıyevin “Sənin gülüşlərin”, Əfsanə Babayeva Emin Sabitoğlunun “Al məndən”, Nüşabə Muradovanın “Dinlə məni sevgilim” lirik və şən mahnılarını ifa ediblər.

Konsert şən və hərəkətli musiqi kompozisiyası ilə başa çatıb.

Konsert rayon sakinlərində xoş ovqat yaradıb.




Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
09.02.2019















Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019