Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Mədəni-kütləvi tədbirlərin təşkilinə diqqət artmışdır

      Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Novruz bayramında Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən xalq yaradıcılığı günlərində muxtar respublikanın tanınmış musiqi və folklor kollektivlərinin, eləcə də kukla teatrı və uşaq teatrının çıxışları təşkil olunmuş, xalq yaradıcılığı nümunələrindən səhnəciklər göstərilmişdir. Bayram günlərində muxtar respublikanın rayon mərkəzlərində və 19 kəndində sakinlərə mədəniyyət şöbələrinin musiqi kollektivlərinin, eləcə də klub müəssisələrinin iştirakı ilə konsert proqramları təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 yanvar 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə müvafiq tədbirlər planı təsdiq edilmiş, muxtar respublikanın yaradılmasının 95 illik yubileyinə həsr olunmuş 2 distant dərs, 5 rəsm müsabiqəsi, 5 viktorina, konsertlər və s. olmaqla, 60-a yaxın tədbir keçirilmişdir.

Mart ayında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümü münasibətilə Bakı Beynəlxalq Muğam Mərkəzində keçirilən Naxçıvan Dövlət və Uşaq filarmoniyaları kollektivlərinin konserti yaddaqalan olmuşdur.

Ötən doqquz ay muxtar respublikanın paytaxtında keçirilən festivallarla da yadda qalmışdır. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Kətə”, “Yaradıcı gənclər”, “Göycə” və “Arıçılıq məhsulları - bal” festivalları muxtar respublika sakinləri və turistlərdə xoş təəssürat yaratmışdır. Bu festivalların bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, Naxçıvan Musiqi Kollecinin və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin yaradıcı kollektivlərinin ifasında musiqi və rəqs nömrələri təqdim edilmişdir. “Kətə” festivalında Naxçıvan Musiqi Kollecinin tələbələrinin iştirakı ilə “Flaşmob” nümayiş olunmuşdur. Bundan başqa, Sentyabrın 11-dən başlayaraq nazirliyin təşkilatçılığı ilə 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Naxçıvan şəhərindəki “Saat meydanı” turistik istirahət mərkəzində “Yallı festivalı” keçirilmişdir. Əlamətdar günlə əlaqədar keçirilən tədbirlərdə Naxçıvan Musiqi Kolleci tərəfindən hazırlanmış fləşmob təqdim olunmuş, Filarmoniyanın, Naxçıvan Musiqi Kollecinin və muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin yaradıcı kollektivlərinin ifaları olmuşdur. Tədbirlərə sentyabrın 18-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin konserti ilə yekun vurulmuşdur. Milli Musiqi Günü ilə əlaqədar muxtar respublikanın rayon mərkəzlərində və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində də analoji tədbirlər keçirilmişdir.

Qədim diyarımızda görkəmli şəxsiyyətlərin yubileylərinin və əlamətdar günlərin qeyd olunması ənənəyə çevrilmişdir. Ötən dövr ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi, Milli Qurtuluş Günü, filosof-şair İmadəddin Nəsiminin 650, görkəmli ədib Cəlil Məmmədquluzadənin 150, görkəmli bəstəkar Ərtoğrol Cavidin 100 illik yubileyləri ilə bağlı mədəni-maarif ocaqları, mədəniyyət evi və klublarda çoxsaylı silsilə tədbirlər keçirilmiş, konsertlər, dəyirmi masalar, konfranslar təşkil edilmiş, filmlər göstərilmiş, sərgilər yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 21 yanvar 2019-cu il tarixli Sərəncamı ilə əlaqədar nazirlik tərəfindən müvafiq Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər planına əsasən, görkəmli dramaturqun anadan olmasının 150 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilmiş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ədibin əsərləri əsasında səhnələşdirilmiş “Ölülər və dəlilər” tamaşası may ayında Türkiyə Respublikasının Qars şəhərində, iyun ayında isə Naxçıvan şəhərində nümayiş etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” 18 aprel 2019-cu il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı sənətkarın yaradıcılıq irsinə həsr olunmuş ustad və açıq dərslər keçilmiş, bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim edilmişdir.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Şərur yallılarının tədqiqi, təbliği və qorunması ilə əlaqədar Tədbirlər Planı”nın icrası ilə bağlı iş aparılmış, Şərur yallılarının reyestrə alınması davam etdirilmişdir. “Şərur” Xalq Yallı Ansamblının ifasında bir neçə yallının çəkilişi aparılmış və bir neçə yallı nota köçürülmüşdür. Yallı sənətinin təbliği ilə bağlı ötən 9 ay ərzində müxtəlif mövzularda dəyirmi masalar və seminar-müşavirələr təşkil edilmiş, “Keçmişdən bu günə Naxçıvan yallıları” adlı yallı müsabiqəsi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının, aprelin 15-də “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Naxçıvan Dövlət Universitetində Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Musiqi Kollecinin Nazirliyin hamiliyinə verilmiş ixtisaslar üzrə müəllim və tələbələri ilə görüş keçirilmişdir. Görüşdə müvafiq ixtisaslar üçün nazirlik tərəfindən hazırlanmış təkliflər müzakirə edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən görüşlər təşkil edilmiş, Naxçıvan Dövlət Universitetində və Naxçıvan Musiqi Kollecində ustad dərsləri keçilmişdir.

May ayında norveçli məşhur xor dirijoru Hildre Per Oddvar və Azərbaycanın incəsənət xadimlərindən ibarət nümayəndə heyətinin Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin xor kollektivləri üçün keçdiyi ustad dərsdə nazirliyin hamiliyinə verilmiş müvafiq ixtisaslarda təhsil alan tələbələrin də iştirakı təmin edilmişdir.

Ötən doqquz ayın əlamətdar hadisələrindən biri də may ayında “Şərur” Xalq Yallı Ansamblının Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan Diplomatiyasının 100 illiyi, 28 May - Respublika Günü və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi münasibətilə keçirilən tədbirdə konsert proqramı ilə çıxış etməsi olmuşdur. Naxçıvan yallılarını nümayiş etdirən ansambl iyun ayında həm də Milli Qurtuluş Günü, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümü, Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Ərzurum şəhərində keçirilmiş təntənəli mərasimdə iştirak etmişdir.

Avqustun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Dövlət Filarmoniyasına hədiyyə edilmiş 18 adda 20 sayda qədim musiqi alətlərinin təqdimat mərasimi keçirilmişdir.

Muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi sahəsində muxtar respublika sakinləri də fəal iştirak etmiş, muzeylərimizə ilk doqquz ay ərzində 1933 ədəd yeni eksponat daxil olmuşdur. Muzeyləri, ümumilikdə, 467 min 650 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 144 min 973 nəfəri əcnəbi vətəndaşdır.

Muxtar respublikanın kitabxanalarında da yanvar-sentyabr aylarında oxucu-kitabxana əlaqələrinin düzgün qurulması diqqətdə saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Bu dövrdə kitabxanalarda 758 mədəni-kütləvi tədbir keçirilmiş, 455 sərgi təşkil olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların siyahısı”nda olan kitablarla bağlı 223 kitab müzakirəsi keçirilmiş, sərgilər təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində çalışan gənc əməkdaşlar və klub müəssisələrindəki bədii özfəaliyyət dərnəklərinin yeniyetmə və gənc üzvləri arasında bir sıra müsabiqələr və yarışlar keçirilmişdir. Yeniyetmə və gənclər arasında “Maddi mənəvi irsim Naxçıvan” adlı rəsm və “Keçmişdən bu günə Naxçıvan yallıları” adlı yallı müsabiqələri, eləcə də “Yaşa və öyrən” intellektual bilik yarışı iştirakçıların marağına səbəb olmuşdur. 15 Aprel - Beynəlxalq Mədəniyyət Günündə klub müəssisələrində fəaliyyət göstərən musiqi, dram, rəqs və yallı dərnəkləri üzvlərinin iştirakı maraqla qarşılanmışdır.

Culfa və Kəngərli rayonlarındakı mədəniyyət evlərinin dərnək üzvləri tərəfindən hazırlanmış, müvafiq olaraq, “O olmasın, bu olsun” və “Şahsənəm və Gülpəri” tamaşaları teatrsevərlərə təqdim edilmişdir. Bundan başqa, Şərur Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan klub müəssisələrində fəaliyyət göstərən dərnək üzvlərinin iştirakı ilə Üzeyir Hacıbəylinin musiqili komediyaları və felyetonları əsasında hazırlanmış səhnəciklərdən tamaşaçılara təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamının icrası ilə əlaqədar muxtar respublikanın rayonlarında və Naxçıvan şəhərində olmaqla, 7 “Xalq yaradıcılığı günü” keçirilmişdir.

Ötən dövr ərzində Naxçıvan Dövlət Film Fondu tərəfindən, ümumilikdə, Azərbaycan Kinosu Günü ilə bağlı 25, əlamətdar tarixi günlərlə bağlı 8, Azərbaycan kinofilmlərinin nümayişinin təşkili məqsədilə ümumtəhsil məktəblərində 4, digər tədbirlərlə əlaqədar 6 olmaqla, 43 film nümayişi olunmuşdur.

Bu ilin ilk doqquz ay ərzində Naxçıvan Dövlət Musiqili Dram Teatrında X.Əliyevin eyniadlı tarixi dramı əsasında hazırlanmış “Ehsan xan Kəngərli” və C.Məmmədquluzadənin əsərləri əsasında hazırlanmış “Ölülər və dəlilər” tamaşaları teatrsevərlərə təqdim edilmişdir. Avqust və sentyabr aylarında isə dram teatrda Elçin Əfəndiyevin “Teleskop” və Aleksandr Serqeyeviç Qriboyedovun “Ağıldan bəla” əsərləri əsasında hazırlanan tamaşaların məşqləri aparılmışdır.

Hesabat dövründə Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən “Qoğalın sərgüzəşti”, “Qızıl xoruz” və “Buratino” tamaşaları balaca teatrsevərlərə təqdim edilmişdir. Sentyabr ayından etibarən isə “Qaraca qız” tamaşasının məşqlərinə başlanmışdır.

Naxçıvan Dövlət Uşaq Teatrı “Məlik Məmməd” və Arzu Soltanın “Adam-badam iysi gəlir” əsəri əsasında eyniadlı tamaşalar hazırlamış, avqust və sentyabr aylarında “Mavi işıq”, həmçinin “Siçan və pişik” tamaşalarının məşqlərini davam etdirmişdir.

Bu ilin yanvar-sentyabr ayları konsert müəssisələri üçün də əlamətdar olmuşdur. Naxçıvan Dövlət Filarmoniyasının rəqqasları Rauf İsmayılov və Fatimə Kazımovanın iyul ayında Türkiyədə keçirilən “21-ci Sevgi, Sülh, Dostluq Beynəlxalq Sənət Festivalı”nda çıxışları olmuşdur.

Naxçıvan Dövlət Uşaq Filarmoniyası hesabat dövründə Şahbuz, Culfa, Ordubad və Kəngərli Rayon mədəniyyət saraylarında konsert proqramları ilə çıxışlar etmişdir.

Nazirliyin tabeliyində olan təhsil müəssisələri yanvar-sentyabr aylarında da məhsuldar fəaliyyəti ilə seçilmişdir. Naxçıvan Musiqi Kollecinin bir qrup müəllim və tələbələri mart ayında Bakı şəhərində keçirilən “Testene ART Baku - 2019” III Beynəlxalq İncəsənət festival-müsabiqəsində instrumental ifaçılıq və xalq çalğı alətləri nominasiyaları üzrə iştirak etmişdir. Kollecin nağara ixtisası üzrə IV kurs tələbəsi müsabiqənin Qran-pri mükafatına layiq görülmüşdür. Həmçinin kollecin 1 nəfər müəllimi və 6 nəfər tələbəsi qeyd olunan festival-müsabiqənin qalibləri olmuş, müxtəlif ixtisaslar üzrə I, II, III yerlərə və diplomlara layiq görülmüşlər. Naxçıvan Musiqi Kollecinin tələbəsi, nağara ifaçısı Nəcəf Hacılı mayın 2-dən 5-dək Latviyanın paytaxtı Riqa və İsveçin paytaxtı Stokolmda keçirilən I Beynəlxalq İncəsənət Festival-Müsabiqəsində iştirak edərək birinci yerə layiq görülmüşdür.

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında “Doğma yurdum Naxçıvan” adlı rəsm, xor kollektivləri və nağaraçalanlar ansamblları arasında muxtar respublika müsabiqələri, həmçinin rayon mədəniyyət şöbələrinin nəzdində fəaliyyət göstərən müəssisələrin gənc əməkdaşları arasında “Mədəni irs” intellektual oyunu keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
08.10.2019








Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019