Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Qədim Şahtaxtı hamamı bərpa edilir

      Kəngərli rayonunun Şahtaxtı kəndindəki qədim hamam yenidən bərpa olunur. 18-19-cu əsrlərə aid olan hamamın daxili və zahiri görünüşü tamamilə yeni və yerli materiallarla işlənir. Qədim Şahtaxtı hamamında yenidənqurma işlərinə bu ilin aprelindən başlanıb. Uzun illər kənd sakinlərinin istifadəsində olan hamam sovet hakimiyyəti illərində baxımsızlıqdan tamamilə dağılmaq təhlükəsi ilə üz üzə qalib. Lakin bu gün muxtar respublikada abidələrə göstərilən qayğı bu sənət nümunəsini də əhatə edib. İndi ilk memarlıq üslubu qalmaqla tamamilə yeni bir abidə qurulur. Abidənin özü ilə bərabər ətrafında da abadlıq işləri aparılır. Yəni tikinti işləri kompleks şəkildə görülür. Ətrafdakı evlər və həyətlərin divarları da dövlət hesabına yenilənir. Üzləri suvanır, dam örtükləri isə yeniləri ilə əvəz edilib. Yolun bir hissəsində isə yerli materialdan 50 metrdən artıq məsafədə ağ divar hörülüb. Şahtaxtı hamamı düzbucaqlı formada olub 210 kvadratmetrlik sahəni əhatə edir. Qurğu yarımyeraltı formada inşa edilib. Yəni bir hissəsi qazılaraq torpağın içərisində yerləşdirilib. Tədqiqatçılar hamamların yeraltı funksiyasının iqlim şəraiti ilə bağlı olduğunu qeyd edirlər. Bu hamam da digərləri kimi divarlarının qalınlığı və tikinti üslubu ilə diqqəti çəkir.

Binanın ümumi uzunluğu 20, eni 9 metrdir. Müxtəlif ölçülərdə 2 salon, 2 köməkçi otaq və ocaqxandan ibarət olan kompleks iki hündür günbəzlə tamamlanır. Bina tavanda açılmış bacalar vasitəsilə işıqlandırılıb. Bu qədim məişət obyekti digər hamamlar kimi mükəmməl mühəndis həlli ilə işlənib.

Binanın günbəzi xüsusi olaraq rütubətə və digər aşınmalara qarşı davamlı materialla işlənəcək. Şahtaxtı sakinləri bu hamamın yenidən tarixi abidə kimi bərpa olunmasını rəğbətlə qarşılayırlar. Abidədə bərpa işləri yaxın zamanda tam yekunlaşacaq. Binanın ətrafı abadlaşdırılandan sonra küçələr asfaltla örtüləcək.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
08.10.2019








Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019