Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Növbəti onlayn tədbir keçirilmişdir

      7 sentyabr tarixində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” kitabından “İki bacının söhbəti” və “Analar bəzəyi” hekayələrinin müzakirəsi keçirilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova tədbiri giriş sözü ilə açaraq qeyd etmişdir ki, böyük mütəfəkkir ədib Məhəmməd Tağı Sidqi görkəmli bir maarifçi və tanınmış yaradıcı şəxsiyyət kimi Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında mühüm yer tutmuşdur. Onun çoxcəhətli ədəbi-pedaqoji və elmi fəaliyyəti milli maarifçilik hərəkatının və ədəbiyyatımızın tarixində Seyid Əzim Şirvani dövrünün davamı, Abdulla Şaiq, Süleyman Sani Axundov mərhələsinin ərəfəsi və başlanğıcıdır. M.T.Sidqinin çoxcəhətli fəaliyyəti maarifçi ədəbi-ictimai mühitin inkişafı tarixində xüsusi mərhələ təşkil edir. Bu mənada Məhəmməd Tağı Sidqi özündən əvvəlki maarifçi nəslin layiqli xələfi, sonrakı yaradıcı qüvvələrin isə ustadı və sələfidir. Milli maarifçiliyin məktəb, dərslik, teatr, ədəbiyyat və mətbuatın inkişafı ilə bağlı ən yaxşı ənənələri bir çox görkəmli ziyalılarla yanaşı, həm də M.T.Sidqinin adı ilə bağlıdır.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının bölmə müdiri Nuridə Səfərova “Məhəmməd Tağı Sidqinin həyat və yaradıcılığı” adlı mövzu ilə çıxış edərək qeyd etmişdir ki, Məhəmməd Tağı Sidqi 1854-cü ildə Ordubad şəhərində anadan olmuşdur. O, ilk təhsilini Molla Məhəmməd Tağı adlı bir axundun yanında almışdır. Sonra Şah Hüseyn Soltan mədrəsəsində oxuyan Sidqi bilik və məlumatlarını bir qədər də təkmilləşdirmişdir. Gənclik illərində qısa müddət Cənubi Azərbaycanda yaşamış, burada təhsilini dərinləşdirməklə yanaşı, ordubadlı tacirlərin yanında ticarətlə də məşğul olmuşdur. Təxminən 1885-ci ildə İrandan Ordubada qayıtmışdır. 10 ilə yaxın bu şəhərdə yaşamış, maarifçilik və bədii yaradıcılıqla məşğul olmuşdur. 1892-ci ildə açıqfikirli, rus və Avropa mədəniyyətinə dərin rəğbət bəsləyən Hüseyn Sultan Kəngərlinski ilə birlikdə Ordubad şəhərində açdığı “Əxtər” adlı yeni üsullu məktəblə M.T.Sidqi pedaqoji fəaliyyətə başlamışdır. “Əxtər” məktəbinin şagirdi M.S.Ordubadi həmin tədris müəssisəsini “gələcək üçün üsuli-cədid müəllimləri hazırlayan” ciddi təhsil ocağı adlandırmışdır. Təcrübəli müəllimin pedaqoji fəaliyyəti Naxçıvan ziyalılarının diqqətini cəlb etmişdir. O, 1894-cü ildə Naxçıvan şəhərinə dəvət olunub “Tərbiyə” məktəbinin əsasını qoymuşdur. M.T.Sidqinin səyi nəticəsində az vaxtda “Tərbiyə” məktəbi ədəbi-mədəni fikrin əsas mərkəzlərindən birinə çevrilmişdir. Görkəmli ədib Cəlil Məmmədquluzadə “Tərbiyə” məktəbini “yeniyetmə müəllim və ədiblər üçün darülürfan”, yəni universitet kimi qiymətləndirmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi katibi Günay Kəngərli M. T.Sidqinin “İki bacının söhbəti” və “Analar bəzəyi” hekayələrinin məzmunu, tərbiyəvi əhəmiyyəti haqqında oxuculara məlumat vermişdir.

Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılmış, suallar cavablandırılmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
08.09.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020