Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Növbəti onlayn ekskursiya Cəlil Məmmədquluzadənin Ev Muzeyində keçirilib

      İyul ayının 8-də görkəmli dramaturq Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərində yerləşən ev-muzeyində onlayn ekskursiya keçirilib. Ekskursiyanı muzeyin bələdçisi Nəsrin Abdullayeva təqdim edib.

Ekskursiyanın əvvəlində bələdçi muzeyin yaradılma tarixi haqqında məlumat verərək bildirib ki, Azarbaycanın görkəmli dramaturqu və nasiri Cəlil Məmmədquluzadənin xatirəsini əbədiləşdirmək məqsədilə Naxçıvan şəhərində ev muzeyinin yaradılması haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1998-ci il 19 iyun tarixli Sərəncam imzalamışdır. 1999-cu il oktyabrın 13-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2002-ci il iyunun 18-də Cəlil Məmmədquluzadənin Ev Muzeyinin açılış mərasimində iştirak etməsi muzeyin tarixində əlamətdar hadisələrdən biridir.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyev böyük yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin yaradıcılığına və şəxsiyyətinə, onun əsərlərinin tədqiqi və nəşrinə, eləcə də adının əbədiləşdirilməsinə həmişə böyük diqqət və qayğı ilə yanaşmışdır. Məhz ümummilli liderin hakimiyyəti illərində yazıçı haqqında yeni və sanballı tədqiqat əsərləri kütləvi şəkildə nəşr olunub, xatirəsinin əbədiləşdirilməsi üçün böyük işlər həyata keçirilib, yubileyləri təntənəli şəkildə qeyd edilib. Redaktoru olduğu “Molla Nəsrəddin” jurnalının faksimilesinin nəşr edilməsi böyük ədəbi hadisə olmaqla, ictimaiyyət tərəfindən mirzəcəlilşünaslığa göstərilən diqqət və qayğı kimi dəyərləndirilib.

Qeyd olunub ki, Cəlil Məmmədquluzadənin Ev Muzeyi iki ekspozisiya zalı və foyedan ibarətdir. Muzeyin fondunda 2500-ə yaxın eksponat vardır ki, onlardan 300-dən çoxu ekspozisiya zallarında nümayiş olunur. Onlardan Cəlil Məmmədquluzadəyə və onun ailəsinə məxsus şəxsi, məişət əşyaları, o cümlədən yazıçının əsərləri, “Molla Nəsrəddin” jurnalının müxtəlif illərə aid nüsxələri, ədibin müasirləri və tədqiqatçılarının əsərləri, rəsm əsərləri və s. muzeyin qiymətli eksponatları sırasındadır.

Birinci ekspozisiya zalında ədibin və ailə üzvlərinin porterləri və fotoşəkilləri, məişət əşyaları, qızına aid piano, ədibin yaşadığı dövrə aid məişət əşyaları və kamança, ədibin 1889-1920-ci illərə aid bədii fəaliyyətini əks etdirən əsərlərinə rəssam Əli Səfərli tərəfindən hazırlanmış panoramla birlikdə maketləri, sevdiyi klassiklərin seçilmiş əsərləri nümayiş olunmaqdadır.

Bunlardan əlavə birinci zalda “Nəslin davamçıları” guşəsi də tamaşaçıların diqqətini cəlb edir.

İkinci ekspozisiya zalında ədibin dəyərli əsərlərinə çəkilmiş qrafik illustrasiyalar, M.S.Ordubadi, M.Ə.Sabir, Ə.Əzimzadə kimi görkəmli şəxslərin portretləri, Cəlil Məmmədquluzadənin Ev Muzeyinin, “Ölülər” tamaşasının və “Molla Nəsrəddin” obrazının rəssam Əli Səfərli tərəfindən hazırlanmış maketləri, Mirzə Cəlilə aid şəxsi sənədlər, sevdiyi klassiklərin fotoportretləri sərgilənməkdədir.

Vurğulanmışdır ki, burada yer alan ən dəyərli eksponatlar sırasında “Molla Nəsrəddin” jurnalının orijinal nüsxələri xüsusi yer tutur. Tamaşaçıların nəzərinə çatdırılıb ki, Azərbaycan satirik mətbuatının zirvəsi sayılan “Molla Nəsrəddin” jurnalının ilk sayı 1906-cı il aprel ayının 20-də Tiflisdə işıq üzü görüb. Xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və jurnalın redaktoru Mirzə Cəlilin fəaliyyətinin rolu misilsizdir.

Zalda ədibin Azərbaycan Respublikasının xalq rəssamı Hüseynqulu Əliyev tərəfindən yaradılmış büstü də nümayiş olunur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş guşədə muzeyin açılışı zamanı çəkilmiş fotoşəkillər və ulu öndər haqqında yazılmış kitablar sərgilənir.

Nəzərə çatdırılıb ki, böyük yazıçı-dramaturqun irsinə dövlətimiz və xalqımız daim ehtiramla yanaşır. Böyük yazıçının vaxtilə müəllimlik etdiyi Nehrəmdə və Cəlilkənddə xatirə muzeylərinin istifadəyə verilməsi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Cəlil Məmmədquluzadənin 150 illiyinin ölkəmizdə və muxtar respublikada geniş qeyd edilməsi kimi diqqətəlayiq işlər bunun bariz nümunəsidir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
08.07.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020