Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















Muxtar Respublikanın 95 illiyinə həsr olunmuş tədbir keçirilib

      Fevralın 8-də C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 21 yanvar 2019-cu il tarixdə Sərəncam imzalanmış və muxtar respublikanın 95 illiyinə həsr olunmuş Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər planında muxtar respublikanın 95 illiyinin geniş qeyd edilməsi məqsədilə silsilə tədbirlərin keçirilməsi, o cümlədən, Naxçıvan Muxtar Respublikasının 95 illiyi ilə bağlı sərgilərin, guşələrin yaradılması, “Naxçıvan Muxtar Respublikası - 95” devizi altında müxtəlif müsabiqələrin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd edilmişdir ki, Naxçıvanın muxtariyyəti məsələsi XX əsrin 20-ci illərində bölgədə baş vermiş ictimai-siyasi hadisələr nəticəsində meydana çıxmış və mürəkkəb, çətin və gərgin mübarizə nəticəsində əldə edilmişdir.

Ümummilli lider Heydər Əliyev bütün bunları nəzərə alaraq deyirdi:

“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.

Uzun çəkən danışıqlardan sonra 16 mart 1921-ci ildə Moskva və 13 oktyabr 1921-ci ildə Qars beynəlxalq müqavilələri ilə Rusiya, Türkiyə, Gürcüstan, Ermənistan və Azərbaycan Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi tanıdı və ona beynəlxalq hüquqi təminat verdi.

Beləliklə, Naxçıvan 1921-ci il martın 16-dan Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.

95 il ərzində muxtar respublikanın yubileyləri geniş qeyd edilmişdir. Sovet dövründə muxtar respublikanın 50, 60 illik yubileyləri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin fərman və sərəncamları ilə muxtar respublikanın 75, 80, 85, 90 illik yubileyləri geniş qeyd olunmuş və yubileylərlə bağlı ölkəmizdə və xaricdə tədbirlər təşkil olunmuşdur.

Diqqətə çatdırılmışdır ki, son 20 ildən artıq dövrdə qədim diyarımızın siması dəyişmiş, şəhər, kənd və rayon mərkəzlərində irimiqyaslı tikinti-quruculuq, abadlıq və bərpa işləri həyata keçirilmiş, tarixə, mədəniyyətə, səhiyyəyə, təhsilə qayğı artmış, yeni infrastruktur obyektləri tikilmiş, muxtar respublika inkişaf və intibaha qovuşmuşdur.

Qədim diyarımızın hərtərəfli inkişafından danışarkən muxtar respublikamızın tarixi və mədəni irsindən iftixarla danışırıq. Bu gün mədəniyyətimizə, incəsənətimizə, tariximizə, milli dəyərlərimizə diqqət və qayğını xüsusi qeyd etməliyik. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə ötən dövrdə muxtar respublikamızda 1200-dən çox tarixi abidə pasportlaşdırılmış, 70-dən artıq dünya əhəmiyyətli abidə bərpa olunaraq xalqımıza qaytarılmışdır. Bu illər ərzində 15-dən çox muzey yaradılmış, yeni-yeni uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri, yüzlərlə digər mədəniyyət müəssisələri istifadəyə verilmişdir. Bütün bunlar xalqımızın tarixinə, mədəniyyətinə, milli dəyələrə, gənc nəslin sabahına göstərilən diqqət və qayğının bariz ifadəsidir.

Vurğulanmışdır ki, bu gün qədim diyarımızda tarixi-mədəni irsin qorunub saxlanması sahəsində görülən işlər öz bəhrəsini vermişdir. Ötən il Naxçıvanda “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı” tədbirlərinin uğurla keçirilməsi, “Yallı” (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqslərini UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi hamımızda iftixar hissi doğurur.

Naxçıvan Muxtar Respublikası bu gün öz inkişaf və intibahının yeni mərhələsini yaşayır. Naxçıvan regionda beynəlxalq tədbirlərin, idman yarışlarının, elmi konfransların keçirildiyi bir məkandır.

Nazir bildirmişdir ki, Naxçıvanın hərtərəfli inkişafı müstəqillik dövrünün əsl dövlətçilik salnaməsidir. Bütün bunlar hamımızı sevindirir. Muxtar respublikamızın inkişafının nümunə göstərilməsi əldə edilən uğurlar nəticəsində mümkün olmuşdur.

Natəvan Qədimova çıxışının sonunda muxtar respublikamızda bütün sahələrdə əldə olunan uğurlara görə Ali Məclis Sədrinə tədbir iştirakçıları adından minnətdarlığını bildirmişdir.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin konserti olmuşdur. Qeyd edək ki, Simfonik Orkestr ötən ilin may ayında yaradılmışdır. Orkestrin bədii rəhbəri və baş dirijoru Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Əsgərov, dirijoru Elvin Əliyarovdır.

Konsertdə Fikrət Əmirov, Cahangir Cahangirov, Emin Sabitoğlu, Rəşid Məmmədov, Ramiz Mirişli, Tofiq Quliyev və başqalarının Azərbaycanı və Naxçıvanı tərənnüm edən musiqi əsərləri səslənmişdir. Azərbaycan Respublikasının Əməkdar artisləri Gülyanaq Fərzəliyeva, Mübariz Əsgərov, Tural Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Azər Cəfərli, Zülfüqar Mahmudov, Elçin Nağıyev, gənc müğənnilər İlkin Abdullayev, Rahim Əsgərzadə, Ruhiyyə Hüseynova və başqalarının ifaları alqışlarla qarşılanmışdır. Orketrin ifasında dünya bəstəkarlarının əsərləri də ifa edilmiş, xor kollektivinin də çıxışı olmuşdur.

Konsert böyük bəstəkarımız Üzeyir Hacıbəyovun “Koroğlu” operasından “Cəngi”nin sədaları altında rəqs kollektivinin ifası ilə başa çatmışdır.

Onu da qeyd etmək lazımdır ki, qədim diyarımızın rayonlarında da Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş tədbirlər və konsertlər təşkil edilmişdir.




Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
08.02.2019









Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019