Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















Solfecio, musiqi ədəbiyyatı və xor üzrə metodiki kurs keçirilmişdir

      Yanvarın 8-də Naxçıvan Şəhər M.Məmmədov adına 1 nömrəli Uşaq Musiqi Məktəbində Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin müəllimləri üçün solfecio, musiqi ədəbiyyatı və xor fənləri üzrə metodiki kurs keçirilmişdir.

Giriş sözü ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin baş məsləhətçisi Leyla Əlimərdanova bildirib ki, bu kursların keçirilməsində əsas məqsəd müəllimlərin dünyagörüşünü zənginləşdirməkdir. Müəllimlərin ümumi musiqi ədəbiyyatı ilə yanaşı, Azərbaycan musiqi ədəbiyyatı ilə tanışlığı onların musiqi dünyasının formalaşmasında və hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır. Metodiki kurslarda müəllimlərin bilik səviyyəsinin yüksəldilməsi və bu fənni tədris edənlərə müəyyən istiqamətlər də göstərilir. Müəllimlərə solfecio fənni və musiqi ədəbiyyatı haqqında da geniş məlumat verilir.

Naxçıvan Musiqi Kollecinin müəllimi Ruhiyyə Dünyamalıyeva “Beş və yeddi illik təhsil sistemi üzrə musiqi ədəbiyyatı fənninin tədrisi” mövzusunda dərs keçmişdir. Bildirmişdir ki, musiqi məktəblərində şagirdlərə ümumi musiqi ədəbiyyatı ilə yanaşı, Azərbaycan musiqi ədəbiyyatı da tədris olunur. Tədris zamanı şagirdlər musiqi ədəbiyyatının geniş sahəsilə tanış olur, müxtəlif janr və xüsusiyyətləri, xalq və professional musiqi formaları, musiqi ifadə vasitələri, musiqi alətləri, simfonik orkestr, ansambl quruluşları haqqında biliklər əldə edirlər.

Naxçıvan şəhər Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin müəllimi Ülviyyə Sadıqlı “Beş və yeddi illik təhsil sistemi üzrə solfecio fənninin tədrisi” üzrə metodiki dərs keçmişdir. Bildirmişdir ki, musiqi məktəblərində solfecio fənninin tədrisi zamanı şagirdlərə Azərbaycan ladları səs sıralarını qurmaq, major-minor sistemi ilə yanaşı Azərbaycan ladlarını eşitmə qabiliyyətini formalaşdırmaq, ladlar üzərində müxtəlif intonasiya məqsədləri, eləcə də solfecio oxuma və imla yazmaq zamanı xalq musiqi nümunələrinə istinad edilməlidir.

Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Mahirə Əsgərova “Beş və yeddi illik təhsil sistemi üzrə xor fənninin tədrisi” mövzusunda dərsdə bildirib ki, xor sənəti qədim tarixə malikdir. O hissləri, xəyalları, oxuyan insanların iradələrini birləşdirir, onların zövqlərini və qəlblərini tərbiyələndirir. Qeyd edilib ki, Azərbaycan bəstəkarları da uşaqlar üçün xor üçün yazılmış əsərlərdə vətənə məhəbbət, vətənpərvərlik hisslərinə xüsusi diqqət yetirmişlər.

Metodik kursun sonunda mövzular müzakirə edilmiş və suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
08.01.2019






















Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019