Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Nazirliyin hamiliyinə verilmiş ixtisas üzrə açıq dərs keçirilib

      Naxçıvan Dövlət Tarix Muzeyində “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələr üçün açıq dərs keçirilib.

Oktyabr ayının 4-də Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələri üçün açıq dərs keçirilib. Açıq dərsi giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” imzaladığı müvafiq Sərəncam muxtar respublikadakı ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslarda təhsil alan tələbələrin təcrübəyə yiyələnməsinə, bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradır. Artıq bir neçə ildir ki, Nazirliyin hamiliyinə verilmiş “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələri üçün muzeylərdə açıq dərslər keçirilir. Bu gün keçirilən açıq dərs də 95 illik yubileyinin qeyd olunduğu Naxçıvan Dövlət Tarix Muzeyində keçirilməklə tələbələrin muzeylə daha da yaxından tanış olmasına və onların peşə biliklərinin əyani olaraq daha da möhkəmləndirilməsinə xidmət edir. Muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov “Muxtariyyətin yaşıdı-Naxçıvan Dövlət Tarix Muzeyi” mövzusunda çıxış edib. Tələbələrin diqqətinə çatdırılıb ki, bu il abidələr diyarı olan Naxçıvanın milli-mədəni və tarixi irsinin daşıyıcısı olan Naxçıvan Dövlət Tarix Muzeyinin yaradılmasının 95 ili tamam olur. “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən muzeyin 95 illik yubileyinin geniş şəkildə qeyd olunması nəzərdə tutulub. Bununla bağlı muzeydə müəyyən tədbirlər də həyata keçirilir.

Vurğulanıb ki, bu gün Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvanın qədim və zəngin tarixi ilə bağlı on şöbəni əhatə edən 49 mindən çox eksponat qorunub saxlanılır. Muzeydə muxtar respublika ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış maddi mədəniyyət, tətbiqi sənət nümunələri, qədim numizmatika materialları, həmçinin milli geyimlər, bədii tikmə nümunələri və xalça məmulatları, qiymətli metallardan hazırlanmış zinət, məişət əşyaları, rəssamlıq əsərləri və s. nümayiş etdirilir.

Açıq dərsdə “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Məmməd Əliyev çıxış edərək muzeylərdə açıq dərslərin keçirilməsinin tələbələrin muzeyləri daha yaxından tanıması, ekskursiya və muzey işi haqqında əyani şəkildə məlumatlanması baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulamışdır.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb. Tədbir muzeyin ekspozisiyası ilə tanışlıqla yekunlaşıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
04.10.2019








Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019