Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Naxçıvan Dövlət Tarix Muzeyinin yaradılmasından 95 il ötür

      Diyarımızın qədim tarixinin, zəngin mədəniyyətinin sübutlarının qorunub saxlandığı Naxçıvan Dövlət Tarix Muzeyinin yaradılmasından 95 il ötür. 1924-cü il oktyabrın 30-da Naxçıvan şəhərində qurulan ilk Tarix-Etnoqrafiya Muzeyinin maddi-mədəniyyət nümunələrinin qorunması və gələcək nəsillərə çatdırılmasında böyük əhəmiyyəti olub. Bu gün 49 mindən çox eksponatın mühafizə olunduğu muzey həm ölkə vətəndaşlarının, həm də xarici qonaqların ən çox ziyarət etdiyi mədəniyyət ocaqlarındandır.

Muzey fəaliyyətinin ilk illərində tarixi əhəmiyyətə malik eksponatların toplanması və mühafizəsi işini təşkil edərək muxtar respublikada muzeyşünaslığın əsasını qoyub. Tarix-Etnoqrafiya Muzeyinin təşəkkülündə 1925-ci ildə Naxçıvanda yaradılan Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyətinin və ziyalıların xüsusi əməyi olub. Bu mədəniyyət ocağı sonrakı illərdə Naxçıvan Tarix-Ölkəşünaslıq Muzeyinə çevrilib və muzeyə Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin adı verilib. Muzey 1968-ci ildən Dövlət Tarix Muzeyi kimi fəaliyyət göstərir. On şöbəni əhatə edən Naxçıvanın qədim və zəngin tarixi ilə bağlı müxtəlif dövrlərə aid eksponatların qorunub saxlanıldığı mədəniyyət ocağının yardılmasının 95 ili tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Mədəniyyət ocağının yubileyinin keçirilməsi ilə əlaqədar “Tədbirlər Planı” da təsdiq edilib.

Qeyd edək ki, cari ilin 7 ayı ərzində Naxçıvan Dövlət Tarix Muzeyini 22 mindən çox qonaq ziyarət edib ki, bunların da 5 mindən çoxunu əcnəbi turist təşkil edib.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
07.08.2019








Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019