Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















“Maddi mədəni irsim Naxçıvan” rəsm müsabiqəsinin seçim turu olmuşdur

      Fevralın 7-də Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş “Maddi mədəni irsim Naxçıvan” rəsm müsabiqəsinə start verilmişdir.

İlk seçim turunda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin aparıcı məsləhətçisi Elvin Əhmədov çıxış edərək bildirib ki, müsabiqə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuşdur. Müsabiqənin məqsədi gənc istedadların axtarışı və onların üzə çıxarılması, istedadlı yeniyetmə və gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsidir.

Qeyd edilib ki, müsabiqənin keçirilməsi məqsədilə Təşkilat komitəsi və münsiflər heyəti yaradılmışdır. Müsabiqənin ilk turu fevral ayında keçirilir. Əsas turun isə mart ayında keçirilməsi nəzərdə tutulur.

Seçim turunda çəkiləcək rəsm əsərləri üçün mövzu sərbəstdir. Əsas turda çəkiləcək rəsm əsərlərinin mövzusu isə münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcəkdir. Müsabiqə məktəbli və gəncləri əhatə etməklə yaş həddi 18 yaşa qədərdir. Rəsm əsərləri müsabiqənin seçim turu və əsas tur zamanı çəkiləcəkdir.

Vurğulanıb ki, müsabiqədə iştirak edəcək məktəbli və gənclərin çəkdikləri rəsmlər münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndiriləcəkdir. Qiymətləndirmə zamanı mövzunun aktuallığı, işləmə texnikası və kompozisiya meyarları nəzərə alınacaqdır. Müsabiqədə qaliblər I, II və III yerlərlə müəyyənləşdiriləcəkdir. Qaliblərin mükafatlandırılması əsas turda olacaqdır.

Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Hökümə Məmmədli çıxış edərək bildirib ki, bu il muxtar respublikamızın yaradılmasının 95 illiyi tamam olur. Bununla bağlı mədəniyyət müəssisələrində də bir sıra silsilə tədbirlər keçirilir. Müsabiqə ərzində çəkilmiş rəsmlərdə də qədim diyarımızın təbiəti, tarix və memarlıq abidələri, şəhər və kəndlərimizin mənzərəsi yer alacaqdır.

Sonra müsabiqə iştirakçıları rəsm çəkməyə başlamışlar. Qeyd edək ki, müsabiqədə Şərur rayonu (5 nəfər), Culfa rayonu (5 nəfər), Şahbuz rayonu (6 nəfər), Ordubad rayonu (4 nəfər), Babək rayonu (4 nəfər), Kəngərli rayonu (3 nəfər), Sədərək rayonu (2 nəfər) təmsil olunurdular.

Seçim turunun sonunda Şərur rayonundan 2 nəfər, Babək rayonundan 2 nəfər, Ordubad rayonundan 4 nəfər, Culfa rayonundan 4 nəfər, Kəngərli rayonundan 2 nəfər, Şahbuz rayonundan 3 nəfər olmaqla ümumilikdə 17 nəfər əsas turda iştirak etmək hüququ qazanmışlar.




Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
07.02.2019














Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019