Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















Bəhruz Kəngərlinin anım günü qeyd edilib

      Fevralın 7-də Naxçıvan şəhərindəki Bəhruz Kəngərli Muzeyində Azərbaycan realist təsviri incəsənətinin görkəmli nümayəndəsi Bəhruz Kəngərlinin anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli giriş sözü ilə açaraq qeyd edib ki, Azərbaycanda realist rəssamlığın əsasını qoyan Bəhruz Kəngərli incəsənətimizdə realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərənin müstəqil janr kimi formalaşmasında mühüm rol oynamışdır. Onun yaratdığı rəsmlər, portretlər, mənzərələr, natürmortlar, süjetli kompozisiyalar, teatr-dekorasiyaları, karikaturalar, qrafik əsərlər bunun gözəl nümunəsidir. Bu əsərlərin sayı 2000-ə yaxın olsa da bu günə yalnız 500-ə qədəri gəlib çatmışdır.

Qeyd edilib ki, ümummilli liderimiz Heydər Əliyev Bəhruz Kəngərli yaradıcılığına həmişə yüksək qiymət vermişdir. 2002-ci ildə muzeyin açılış mərasimində xalqımızın böyük oğlu Heydər Əliyev Bəhruz Kəngərli yaradıcılığı haqqında geniş nitq söyləmişdir.

Görkəmli rəssamdan bizə əmanət və yadigar qalan rəsm əsərləri ifadəliliyi, bədii-estetik dəyəri ilə diqqət çəkir. Bəhruz Kəngərli bütün qəlbi ilə doğma torpağına bağlı, onun gözəlliklərindən zövq alan və bunu yaradıcılığında öz mükəmməlliyi ilə əks etdirən sənətkar olmuşdur.

Vurğulanıb ki, görkəmli sənətkarın sənət dünyasına, əbədiyaşar yaradıcılığına onun doğulub boya-başa çatdığı doğma vətənində də daim yüksək diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” 15 fevral 2001-ci il tarixli Sərəncamına əsasən, Bəhruz Kəngərlinin Naxçıvan şəhərindəki məzarüstü abidəsi bərpa edilmiş, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 1972-ci ildən fəaliyyət göstərən sərgi salonuna rəssamın adı verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə isə Bəhruz Kəngərli Muzeyi yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 12 yanvar tarixli “Görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən, muxtar respublikada bir sıra tədbirlər həyata keçirilmişdir. Bəhruz Kəngərli Muzeyi müasir tələblər səviyyəsində yenidən qurulmuşdur. 2013-cü ildə yenidənqurmadan sonra açılışı olan muzey yeni eksponatlarla daha da zənginləşdirilmiş, poçt markaları buraxılmış, elmi konfrans keçirilmiş, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində “Sənətin Bəhruz zirvəsi” sənədli filmi hazırlanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 noyabr tarixli Sərəncamı ilə “Bəhruz Kəngərli Rəssamlar Parkı” yaradılmış və burada rəssamın heykəli ucaldılmışdır. 2017-ci ilin aprelində isə Ali Məclis Sədrinin sifarişi və himayəsi ilə nəşr olunan “Bəhruz bəy Kəngərli taleyi” kitabının muzeydə təqdimatı keçirilmişdir.

Sənətşünas Nizami Alıyev “Bəhruz Kəngərli irsinin tədqiqi”, Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova “Bəhruz Kəngərli yaradıcılığına dövlət qayğısı” mövzularında çıxış ediblər. Çıxışlarda görkəmli rəssam haqqında yazılmış kitab və məqalələrdən, tədqiqat əsərlərindən, rəssamın irsinə göstərilən dövlət qayğısından geniş söhbət açılıb.

Sonda muzeyin ekspozisiyasına baxış olmuşdur.




Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
07.02.2019










Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019