Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















Naxçıvan Dövlət Film Fondunun muzeyinə yeni eksponatlar təqdim edilmişdir

      Fevralın 6-da Naxçıvan Dövlət Film Fonddakı muzeyə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, uzun illər Naxçıvan televiziyasının kinooperatoru işləmiş Ənvər Rəhimov tərəfindən 25 ədəd müxtəlif kino avadanlığı təqdim olunmuşdur. 1963-1985-ci illərdə istehsal edilmiş kinokamera, videokamera, səs yazma aparatı, obyektiv, eksponometr, video kaset və digər avadanlıqlar vaxtilə Naxçıvan televiziyasında müxtəlif film və başqa çəkilişlərdə istifadə edilmişdir.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirmişdir ki, incəsənətimizin hamisi olan ümummilli lider Heydər Əliyev milli kinonun inkişafına daim qayğı ilə yanaşmış, ssenarist, rejissor, operator, rəssam kadrların yetişməsinə və milli özünəməxsusluğu ilə seçilən koloritli, parlaq ekran əsərlərinin yaradılmasına diqqət yetirmişdir. Ölkəmizdə bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən milli kino sənətinin inkişafı üçün mühüm işlər həyata keçirilir.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında da kino sənətinin inkişafına böyük diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı nəticəsində Naxçıvan şəhərində “Gənclik” Mərkəzi yaradılmış, Şərurda “Bahar”, Şahbuzda “Araz” kinoteatrları, Ordubad, Sədərək, Şahbuz və Babək rayon mədəniyyət sarayları yenidən qurulmuş, ən müasir videoproyektorlarla, lazımi texniki avadanlıqlarla təchiz olunmuşdur. Muxtar respublikamızda Dövlət Film Fondunun fəaliyyət göstərməsi də bu sahəyə göstərilən qayğının daha bir nümunəsidir. 2000-ci ilin yanvar ayından fəaliyyət göstərən Naxçıvan Dövlət Film Fondunda 5000 adda bədii, elmi, sənədli, cizgi filmləri saxlanılır. Həmçinin, Azərbaycan filmləri ilə yanaşı, burada müxtəlif ölkələrdə istehsal olunmuş bədii, sənədli filmlər, cizgi filmləri, qısametrajlı, elmi-kütləvi, Azərbaycan dilinə dublyaj edilmiş filmlər də mühafizə olunur. Fondda tədbir keçirmək üçün 77 nəfərlik kino zalı mövcuddur. Eyni zamanda fondda montaj və filmləri köçürmək üçün otaq, lentlərin yuyulması üçün avadanlıqlar və başqa texniki vasitələr də vardır. Həmçinin, Fondda 100-dən artıq Azərbaycan filminin kinossenarisi, kino ilə bağlı kitablar, albomlar, fotolar da mühafizə olunur.

Nazir bildirib ki, fond öz arxivini daim zənginləşdirir. Keçən il fonda 134 adda müxtəlif film daxil olmuşdur. Bütövlükdə 3 il ərzində isə Film Fondda olmayan 423 adda müxtəlif film fondun arxivinə əlavə edilmişdir. Fonddakı filmlər nömrələnmiş və pasportlaşdırılmışdır. Fond Naxçıvan televiziyası, təhsil müəssisələri, ordu hissələri ilə daimi əlaqə saxlayır. 2015-ci ildən başlayaraq Film Fond müntəzəm olaraq “Azərbaycan kinosu günü” çərçivəsində muxtar respublikanın rayonlarında və kəndlərində Azərbaycan filmlərini nümayiş etdirir. Film Fond tərəfindən məktəblilər arasında milli Azərbaycan kinosunu tanıtmaq məqsədilə müsabiqələr, kinoviktorinalar təşkil olunur. Eyni zamanda, kinoteatrlar və mədəniyyət sarayları üçün Azərbaycan filmləri nüsxələnir. Bundan başqa kinonu geniş təbliğ etmək üçün fondun nəzdində kinoklub fəaliyyət göstərir.

Naxçıvan Dövlət Film Fondu öz arxivini daim zənginləşdirir. Keçən il fonda 134 adda müxtəlif film daxil olmuşdur. Bütövlükdə son 3 il ərzində Film Fondun arxivində olmayan 423 adda müxtəlif yeni film əlavə edilmişdir. Fonddakı filmlər nömrələnmiş və pasportlaşdırılmışdır. Fond Naxçıvan televiziyası, təhsil müəssisələri, ordu hissələri ilə daimi əlaqə saxlayır. 2015-ci ildən başlayaraq Film Fond müntəzəm olaraq “Azərbaycan kinosu günü” çərçivəsində muxtar respublikanın rayonlarında və kəndlərində Azərbaycan filmlərini nümayiş etdirir. Film Fond tərəfindən məktəblilər arasında milli Azərbaycan kinosunu tanıtmaq məqsədilə müsabiqələr - kinoviktorinalar təşkil olunur. Eyni zamanda, kinoteatrlar və mədəniyyət sarayları üçün Azərbaycan filmləri nüsxələnir. Bundan başqa kinonu geniş təbliğ etmək üçün fondun nəzdində kinoklub da fəaliyyət göstərir.

Fondun ən maraqlı guşələrindən biri də burada yaradılmış kiçik kino muzeyidir. Muzey 15 ildir ki, fəaliyyət göstərir. Burada bir çox tarixi və müasir Azərbaycan filmlərində istifadə olunmuş əşyalar, geyim dəstləri, silahlar nümayiş etdirilir. Muzeydə olan kino aparatları və texnikası da xüsusi maraq doğurur. Uzun illər bundan əvvəl işlədilmiş bu avadanlıqlar artıq muzey eksponatı kimi mühafizə olunur.

Vurğulanıb ki, Kino sənətinə, filmlərimizə maraq böyükdür. Məlumunuzdur ki, Azərbaycan kino sənətinin inkişafında Naxçıvan torpağının yetirdiyi sənətkarlar Qəmər Salamzadə, Rza Təhmasib, Həbib İsmayılov, Məmmədhüseyn Təhmasib, Ramiz Mirişli, Elxan Qasımov və başqalarının dəyərli xidmətləri olmuşdur. Unudulmaz filmlərimizdən olan “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Əzablı yollar”, “Gümüşgöl əfsanəsi”, “Doğma sahillər” və başqa ekran əsərlərinin müəyyən hissələri və natura çəkilişləri Naxçıvan Muxtar Respublikasında aparılmışdır.

Natəvan Qədimova deyib ki, Bu gün Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, Naxçıvan Televiziyasının veteran operatorlarından biri olan, hamımızın təcrübəli televiziya əməkdaşı kimi tanıdığımız Ənvər Rəhimov tərəfindən Film Fonda hədiyyə olunan kino avadanlıqlarının təqdimat mərasiminə toplaşmışıq. Ənvər müəllim kino avadanlıqları ilə Naxçıvan Televiziyası yarandığı illərdə işləmişdir. Naxçıvan Televiziyası 1963-cü ildə yaradılmışdır. Bu avadanlıqlar bu gün nə qədər primitiv görünsə də bu kino texnikaları ilə muxtar respublikanın müxtəlif bölgələrindən verilişlər hazırlanmışdır. Bunların içərisində müxtəlif illərdə istehsal olunmuş kinokamera, videokamera, səs yazma aparatı və digər kino texnikası vardır. Bütün bu avadanlıqlar Naxçıvan Dövlət Film Fondunun muzeyində yer alacaqdır. Qeyd etmək istərdim ki, muxtar respublikanın muzeylərində son zamanlar bu cür təqdimat mərasimlərinin keçirilməsi artıq ənənə halını almışdır. Növbəti tədbirin Naxçıvan Dövlət Film Fondunda keçirilməsi bu tədbirlərə rəngarənglik gətirir.

Nazir Ənvər Rəhimova Naxçıvan Dövlət Film Fonduna hədiyyə etdiyi eksponatlar üçün minnətdarlığını bildirmişdir.

Ənvər Rəhimovla vaxtilə bir yerdə çalışmış Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Əliyev, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Rövşən Hüseynov və başqaları çıxış edərək Ənvər müəllimin keçdiyi həyat yolundan danışmış və xatirələrini bölüşmüşlər.

Sonra Ənvər Rəhimov çıxış edərək bildirib ki, qədim diyarımızda həyatın bütün sahələrində inkişaf hamımızı sevindirir. Uzun illər televiziya sahəsində çalışdığım üçün deyə bilərəm ki, televiziyalarımız da inkişaf edir. Vaxtilə işlətdiyim bu kino və video avadanlıqlarını Film Fondun muzeyinə verməkdə məqsədim odur ki, gənc nəsil üçün bu inkişafı gözləri ilə görsün və müqayisə etsin. Ənvər müəllim tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirmişdir.

Tədbirin sonunda Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova qədim diyarımızda mədəniyyətə, incəsənətə göstərdiyi böyük diqqət və qayğıya Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinə mədəniyyət işçiləri adından minnətdarlığını bildirmişdir.




Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
06.02.2019







Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019