Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















Rəsm ixtisası üzrə ustad dərs keçirilib

      Fevralın 6-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində uşaq incəsənət və bədii sənətkarlıq məktəblərinin rəsm ixtisası üzrə müəllim və şagirdləri üçün ustad dərs keçirilmişdir.

Ustad dərsdən əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin baş məsləhətçisi Leyla Əlimərdanova çıxış edərək bildirib ki, müstəqil dövlətimizdə uşaqları sağlam və hərtərəfli böyütmək üçün gözəl şərait yaradılmışdır. Məktəblərdə fəaliyyət göstərən rəsm dərnəkləri də uşaqların bacarıq və qabiliyyəti, istedadı aşkar etmək baxımından əhəmiyyətlidir. Ustad dərsin keçirilməsinin əsas məqsədi uşaqlarda ölkəmizin zəngin mədəniyyətinə, islam-türk memarlıq və tarixi abidələrinə, mənəvi sərvətlərinə, sənət əsərlərinə, həyatda gözəl yaradılan hər nə varsa onlara maraq, məhəbbət və iftixar hissi oyatmaqdır.

Sonra Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri Hökümə Məmmədli və Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov ustad dərs keçmişlər.

Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli ustad dərsdə bildirmişdir ki, milli mədəniyyətimiz və incəsənətimizlə yanaşı, uşaqları ümumbəşəri mədəniyyəti, dünya xalqlarının yaratdığı bədii sənət əsərlərini, təsviri incəsənət nümunələrini öyrənməyə, qavramağa, mənimsəməyə hazırlamaq əsas məsələlərdəndir. Uşaqlara rəngkarlıq, qrafika və heykəltəraşlıq sənətinin janrlarını, işləmə texnikasını, alətlərdən və materiallardan necə istifadə etməyi öyrətmək də vacib işlərdən biridir. Qeyd edilib ki, bugünkü dərsin əsas məqsədi uşaqları bu sənətə düzgün istiqamətləndirmək, təsviri incəsənətin əsasını təşkil edən rəssam fikrinin, hislərinin, təsəvvürlərinin və ətraf aləmə münasibətinin obrazlı ifadəsi haqqında onları məlumatlandırmaqdır.

Sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov bildirib ki, rəsmin tədrisi şagirdlərdə kağız müstəvi üzərində əşyaların real təsviri prinsipini, metodlarini öyrənməklə yanaşı, müstəqil yaradıcılıq işində və estetik zövqün formalaşmasında geniş imkanlara malikdir.

Təcrübə göstərir ki, şagirdlər təkcə nəzəri biliklərə yiyələnməklə kifayətlənməməli və onu rəsm zamanı asanlıqla tətbiq edə bilməlidir. İlk olaraq rəsm dərsləri natürmortdan başlamalı, sonra daha mürəkkəb təsvirlərə keçilməlidir. Şagirdin istedadını, bilik və qabiliyyətini üzə çıxarmaq üçün natürmort aydın olmalı, maraqlı və məqsədli qurulmalıdır. Müəllim dərsə başlamazdan əvvəl natürmortun məzmununu, quruluşunu, xarakterini, onun qeyri-adiliyini və işin davam etdirilməsi üsulu haqqında məlumat verməlidir. Şagirdlərə rəsmdə olan səhvləri aşkar etməyi və onları aradan qaldırmaq yolları da öyrədilməlidir.

Ustad dərsin sonunda müəllimləri və rəsm dərnəyinin üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.




Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
06.02.2019







Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019