Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















“Milli Musiqi Günü”nə həsr olunmuş onlayn konfrans keçirilmişdir

      Sentyabrın 5-də Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrinin iştirakı ilə “Milli Musiqi Günü”nə həsr olunmuş onlayn konfrans keçirilmişdir.

Onlayn tədbiri aparan Nazirliyin Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin baş məsləhətçisi Leyla Əlimərdanova tədbirin mahiyyəti haqqında məlumat vermişdir. Qeyd edilmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar, musiqişünas Üzeyir Hacıbəlinin anadan olduğu günün “Milli Musiqi Günü” kimi qeyd olunması haqqında Sərəncam imzalamışdır. Həmin tarixdən etibarən sentyabrın 18-i hər il ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd olunur.

Vurğulanmışdır ki, Üzeyir Hacıbəylinin bir bəstəkar kimi yaradıcılıq yolu Azərbaycan musiqisinin inkişaf mərhələlərini özündə cəmləşdirən musiqi tarixinin bütöv bir dövrünü əhatə edir. Professional bəstəkarlıq yaradıcılığının janr və formalarının ilk dəfə Azərbaycan musiqisinə tətbiq olunmasından dünya musiqi təcrübəsinin tələblərinə tam cavab verən yüksək klassik nümunələrin yaradılmasına kimi onun musiqisinin bədii və ictimai-tarixi təsir qüvvəsi o qədər böyükdür ki, təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-çox uzaqlarda da əks-səda tapıb, bir sıra Şərq xalqlarının musiqi mədəniyyətinin tərəqqi yolunu işıqlandırmışdır. Onun tarixi missiyası milli musiqi sənətinin inkişaf yolunun dünya bəstəkar yaradıcılığı istiqamətinə yönəldilməsi, Azərbaycanda milli bəstəkarlıq məktəbinin təməlinin qoyulması kimi mühüm işlərin həyata keçirilməsindən ibarət olmuşdur.

Tədbir diskussiya şəkilində davam etdirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
05.09.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020