Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















Naxçıvan Muxtar Respublikasının 95 illiyi ilə bağlı tədbir keçirilib

      Fevralın 5-də Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin aparıcı məsləhətçisi Kənan Tağızadə açaraq bildirib ki, bu il Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 21 yanvar 2019-cu il tarixli Sərəncamı ilə muxtar respublikanın 95 illiyinə həsr olunmuş Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planında muxtar respublikanın 95 illiyinin geniş qeyd edilməsi nəzərdə tutulmuşdur. Yubileylə bağlı mədəniyyət müəssisələrində tədbirlərin, müsabiqələrin, konsertlərin və interaktiv dərslərin keçirilməsi nəzərdə tutulmuşdur.

Naxçıvanın muxtariyyəti məsələsi XX əsrin 20-ci illərində bölgədə baş vermiş ictimai-siyasi hadisələr nəticəsində meydana çıxmışdır. Naxçıvanın muxtariyyəti mürəkkəb, çətin və gərgin mübarizə nəticəsində əldə edilmişdir. Ümummilli lider Heydər Əliyev bütün bunları nəzərə alaraq deyirdi: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.

Uzun çəkən danışıqlardan sonra Moskva və Qars beynəlxalq müqavilələri ilə RSFSR, Türkiyə, Gürcüstan, Ermənistan və Azərbaycan Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi tanıdı və ona beynəlxalq hüquqi təminat verdi.

Beləliklə Naxçıvana muxtariyyət statusu 1921-ci ildə verilsə də, Naxçıvan Muxtar Respublikasının yaradılmasına qədər üç il vaxt lazım oldu. Hətta 1923-cü ildə Naxçıvanın muxtar respublika statusu azaldılaraq muxtar diyara çevrildi. Lakin muxtar diyar dövrü uzun sürmədi. 1923-cü ilin dekabrında Naxçıvan diyarı Naxçıvan Respublikasına çevrildi. 1924-cü il fevralın 9-da Azərbaycan MİK, Naxçıvan SSR-nin yaradılması haqqında qərar verdi.

Qeyd edilmişdir ki, son 20 ildən artıq dövrdə qədim diyarımızın siması dəyişmiş, şəhər, kənd və rayon mərkəzlərində irimiqyaslı tikinti-quruculuq, abadlıq və bərpa işləri həyata keçirilmiş, tarixə, mədəniyyətə, səhiyyəyə, təhsilə qayğı artmış, yeni infrastruktur obyektləri tikilmiş, muxtar respublika inkişaf və intibaha qovuşmuşdur.

Sonda qədim diyarımıza həsr olunmuş sənədli film də göstərilmişdir.




Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
05.02.2019






Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019