Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















“Dram kollektivlərinin ifaçılıq müsabiqəsi”nin qalibləri mükafatlandırıldı

      Dekabrın 4-də Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” devizi altında muxtar respublikamızda ilk dəfə keçirilən “Dram kollektivlərinin ifaçılıq müsabiqəsi”nin qaliblərinin mükafatlandırma mərasimi olub.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, Azərbaycan xalqının teatr ənənələri çox qədimdən başlayır. Xalqımızın yaratdığı xalq oyunları, meydan və qaravəlli tamaşaları, bayram məzhəkələri teatr sənətimizin ilk nümunələridir.

Naxçıvanda da teatr sənətinə həmişə böyük maraq olmuşdur. Teatr sənətimiz böyük və zəngin bir yol keçərək xalqımızın mənəvi dünyasının, estetik zövqünün formalaşmasında mühüm rol oynamışdır.

Teatrlara sənət adamlarına böyük qayğı ilə yanaşan, onlara sözün əsl mənasında, hamilik edən ümummilli lider Heydər Əliyevin səyi və köməyi nəticəsində milli teatr sənətimiz sürətli inkişaf yoluna qədəm qoymuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qədim diyarımızda teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, teatr binaları yenidən qurulmuş və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Qədim diyarımızda fəaliyyət göstərən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtlarının mənalı təşkilində əhəmiyyətli rol oynayır.

Bu gün muxtar respublikanın şəhər və rayonlarında xalq teatrları uğurla fəaliyyət göstərir. Son illərdə xalq teatrlarının “Kamança”, “Ac həriflər”, “Xəcalət”, “Şöhrət ardınca”, “Ezop”, “Ər və arvad”, “Unuda bilmirəm”, “Qəşəmin yuxusu”, “Dələduz”, “Ev tərbiyəsinin bir şəkli”, “Bəxtsiz cavan”, “Tiflis səfəri”, “Subaylarınızdan görəsiniz”, “Yarım günlük müdir müavini”, “Varlı qadın” kimi tamaşaları ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Nazir qeyd etmişdir ki, bütün bunları xatırlatmaqda məqsədim muxtar respublikamızda gənc aktyor nəslinin yetişməsinin vacib olduğunu göstərməkdir. Muxtar respublikada bu sahədə mühüm addımlar atılır. Gənclərin muxtar respublikanın dövlət və xalq teatrlarına cəlbi günümüzün vacib məsələlərindəndir.

Muxtar respublikamızda ilk dəfə Dram kollektivlərinin ifaçılıq müsabiqəsinin keçirilməsi də bu zərurətdən yaranmışdır. Müsabiqənin keçirilməsi məqsədilə müvafiq əmr imzalanmış və təsdiq olunmuş əsasnaməyə əsasən iyun ayında kollektivlərin qeydiyyatı aparılmış və münsiflər heyəti yaradılmışdır.

Müsabiqənin seçim turunda ümumilikdə 25 kollektiv, Naxçıvan şəhərindən 9, Ordubad rayonundan 6, Babək rayonundan 3, Şahbuz rayonundan 3, Culfa rayonundan 2, Kəngərli və Sədərək rayonlarından 1 kollektiv iştirak etmişdir.

Dram kollektivlərinin ifaçılıq müsabiqəsinin seçim turunun birinci mərhələsi bu ilin oktyabrında Naxçıvan və Ordubad şəhərlərində keçirilmişdir. Naxçıvan şəhəri, Babək, Ordubad, Şahbuz, Kəngərli, Culfa və Sədərək rayonlarından ümumilikdə 25 dram kollektivi iştirak etmişdir. Bu seçim turunda Naxçıvan şəhərindən “Nur” və “Sabit”, Culfa rayonundan “Haçadağ”, Babək rayonundan “Gənclik” və “Səbinə”, Ordubad rayonundan Gilançay” dram kollektivləri əsas tura vəsiqə qazana bilmişlər.

Noyabrın 28-də isə Naxçıvan Dövlət Uşaq Teatrının səhnəsində müsabiqənin əsas turu keçirilmiş, münsiflər heyətinin qərarına əsasən Culfa rayonunun “Haçadağ” dram kollektivi I, Babək rayonunun “Səbinə” dram kollektivi II, həmin rayonun “Gənclik” dram kollektivi isə III yerə layiq görülmüşlər.

Natəvan Qədimova çıxışının sonunda müsabiqənin qaliblərinə və bütün iştirakçılara yeni yaradıcılıq uğurları arzulamış və qeyd etmişdir ki, müsabiqədə fərqlənən istedadları teatrlarımızın böyük səhnəsində də görəcəyimizə inanırıq.

Sonra Dram kollektivlərinin ifaçılıq müsabiqəsində fərqlənmiş kollektivlər Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin diplomları ilə təltif edilmişlər.

Mükafatlandırma başa çatdıqdan sonra Naxçıvan Dövlət Uşaq Teatrı “Bu günün çay dəstgahı” tamaşasını təqdim etmişdir. Qeyd edək ki, tamaşa böyük yazıçı və dramaturqumuz C.Məmmədquluzadənin “Çay dəstgahı” alleqorik pyesinin motivləri əsasında hazırlanmışdır. Tamaşanın rejissoru və rəqslərin quruluşçusu Nurbəniz Niftəliyeva, musiqi tərtibatçısı Mirsaleh Seyidovdur. Tamaşadakı rolları Nurlan Qafarzadə (Samovar), Sakinə Məmmədova (Padnos), Mirmehdi Seyidov (Çaynik), Heyran Abdullayeva (Nəlbəki), Uğur Nəsirli (Nökər Əli) və başqaları canlandırırlar.

Tamaşa maraqla qarşılanmışdır.










Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018