Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















“Azərbayacan musiqi tarixindən” mövzusunda tədbir keçirilib

      Mart ayının 4-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda “Azərbayacan musiqi tarixindən” mövzusunda tədbir keçirilib.

Naxçıvan Musiqi Kollecinin müəllim və tələbə kollektivinin həmçinin uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimlərinin iştirakı ilə baş tutan tədbirdə Naxçıvan Musiqi Kollecinin müəllimi Aysel Qalayevanın “Azərbaycan musiqi mədəniyyətinin görkəmli siması Fikrət Əmirovun həyat və yaradıcılıq irsi” mövzusunda mühazirəsi dinlənilib.

Bu zaman diqqətə çatdırılıb ki, Azərbaycanın və SSRİ-nin Xalq artisti, görkəmli bəstəkar Fikrət Əmirov XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biri hesab edilir.

Musiqinin demək olar ki, bütün janrlarına müraciət edən Fikrət Əmirov yaşadığı dövr ərzində çox dəyərli sənət əsərləri yaradıb. Sənətkarın professionallıqla qələmə aldığı “Sevil” operası, “Nəsimi” dastanı, “Min bir gecə”, “Nizami” baletləri, “Azərbaycan kapriççiosu”, “Azərbaycan qravürləri”, “Ürəkçalanlar”, “Gözün aydın” musiqili komediyaları, fortepiano üçün «12 miniatür» uşaq pyesləri, bəstələdiyi müxtəlif mahnılar, romanslar və digər zəngin və rəngarəng yaradıcılıq əsərləri milli musiqi tariximizin parlaq səhifələrində özünəməxsus izlər buraxıb.

Vurğulanıb ki, Fikrət Əmirov dünya musiqisində heç bir analoqu olmayan simfonik muğam janrının da yaradıcısıdır. Bəstəkarın bu janrda bəstələdiyi “Şur”, “Kürd-ovşarı” və “Gülüstan Bayatı-Şiraz” əsərləri Fikrət Əmirov yaradıcılığının xüsusi mərhələsi hesab edilir və Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında xüsusi əhəmiyyət kəsb edir.

Sonda Fikrət Əmirovun həyat və yaradıcılıq irsinə həsr olunmuş sənədli film nümayiş olunub.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
04.03.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020