Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















Kollegiya iclası keçirilib

      Yanvarın 4-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində 2018-ci ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib. İclasda Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova məruzə ilə çıxış edərək bildirib ki, 2018-ci ilin ilk günlərindən başlayaraq mədəni tədbirlər davam etdirilmiş, sərgilər təşkil olunmuş, tamaşa və filmlər göstərilmişdir. Eyni zamanda muxtar respublikanın mədəni-maarif ocaqlarında kütləvi tədbirlərin rəngarəng forma və metodlarına diqqət yetirilərək müxtəlif konfranslar, kitab müzakirələri və təqdimatları, ədəbi-bədii gecələr, açıq və distant dərslər, ustad dərsləri keçirilmiş və sərgilər təşkil edilmişdir.

2018-ci il ərzində əlamətdar və tarixi günlərlə bağlı 652 tədbir keçirilmişdir. Ümumilikdə, isə bu dövrdə mədəni-maarif işinin müxtəlif formalarından istifadə edilməklə 4520 müxtəlif mədəniyyət tədbiri keçirilmiş, 588 sərgi təşkil olunmuşdur.

Xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılması, qorunması və təbliğ edilməsi, görkəmli şəxsiyyətlərin yubileylərinin, tarixi və əlamətdar günlərin qeyd olunması diqqətdə saxlanılmışdır. İl ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi, “Milli Qurtuluş Günü”, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, “Milli Musiqi Günü” və başqa günlərlə bağlı mədəni-maarif ocaqları, mədəniyyət evi və klublarda çoxsaylı silsilə tədbirlər keçirilmişdir.

İlin mühüm mədəniyyət hadisələrindən biri də “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına salınmasıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 24 dekabr 2018-ci il tarixli “Şərur yallıları haqqında” Sərəncamı isə mədəniyyətimizə göstərilən daha bir diqqət və qayğının bariz ifadəsidir.

Mart ayının 17-dən 27-dək “Şərur” Xalq Yallı Ansamblı Türkiyənin Kastamonu şəhərində keçirilən “Kastamonu 2018 Türk Dünyası Mədəniyyət Paytaxtı” açılış mərasimində müxtəlif yallı nömrələri ilə çıxış etmişdir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Bursa Bölgə Dövlət Simfonik Orkestrinin Heydər Əliyev Sarayında konserti olmuş, Naxçıvan Dövlət Filarmoniyasının yeni yaradılan Simfonik Orkestrinin Heydər Əliyev Muzeyinin qarşısında təqdimat konserti təşkil olunmuş, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş mahnı müsabiqəsi keçirilmişdir.

20 iyunda Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in açılış mərasimi keçirilmiş, təntənəli mərasimdə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri və rəqs qrupu çıxış etmişdir.

Bu əlamətdar hadisə ilə bağlı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılmış “Dədə Qorqud” Kamera Orkestrinin konserti olmuş, “Gənclik” Mərkəzində “İslam filmləri həftəsi” keçirilmişdir.

Dekabrın 15-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in bağlanış tədbiri keçirilmişdir. Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova xalq mahnılarımızı və muğamlarımızı ifa etmişlər. “Şərur” Xalq Yallı Ansamblının ifasında təqdim olunan “Köçəri” və “Tənzərə” yallıları alqışlarla qarşılanmışdır.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlar tərəfindən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” mədəniyyət ilinə həsr olunmuş müxtəlif xarakterli tədbirlər davamlı olaraq keçirilmişdir. Belə ki, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” mədəniyyət ilinə həsr olunmuş 263, bu deviz altında 2509 olmaqla, ümumilikdə 2772 tədbir keçirilmişdir.

Dövr ərzində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Kətə”, “Göycə”, “Arıçılıq məhsulları - bal”, “Ailə təsərrüfatı məhsulları”, “Milli geyimlər” festivallarında Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin musiqi kollektivləri, Naxçıvan Dövlət Filarmoniyasının Qədim Musiqi Alətləri Ansamblı, Naxçıvan Dövlət Uşaq Filarmoniyalarının rəqs qrupları, “Şərur” Xalq Yallı Ansamblı, “Şərur qönçələri” uşaq yallı ansamblı rəngarəng konsert proqramı ilə çıxış etmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası ilə bağlı tələbələr üçün 13 açıq dərs və 1 dəyirmi masa, 1 konfrans, Naxçıvan Musiqi Kollecinin xanəndəlik, xoreoqrafiya və vokal, bədii yaradıcılıq ixtisaslarında və Naxçıvan Dövlət Universitetinin “Aktyor sənəti” ixtisasında təhsil alan tələbələr üçün 21 ustad dərs, ali və orta ixtisas təhsili müəssisələrində 6 kitab müzakirəsi keçirilmişdir.

Nazir bildirib ki, hesabat dövründə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında, Naxçıvan Dövlət Uşaq Teatrında 14 yeni tamaşa hazırlanıb. Bu dövrdə xalq teatrları tərəfindən də 18 tamaşa oynanılıb.

Filarmoniyanın kollektivləri il ərzində müxtəlif dövlət tədbirlərində, festivallarda və yay konsertlərində iştirak edib. Ötən il iyun-sentyabr aylarında əhalinin yay istirahətinin təşkili istiqamətində işlər də ənənəvi olaraq davam etdirilib, Naxçıvan şəhərinin park və meydanlarında 9 konsert təşkil edilib.

Diqqətə çatdırılıb ki, hesabat dövrü ərzində Culfa, Ordubad, Şahbuz, Sədərək rayonlarında və Naxçıvan şəhərində 8 “Xalq Yaradıcılığı Günü” keçirilmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, bu mədəniyyət ocaqlarına lazımi əməli və metodiki köməklik göstərilmişdir. Ötən il 8 eksponat təqdimatı keçirilmiş, muzeylərimizə 1564 ədəd eksponat daxil olmuşdur. 2018-ci ildə muzeyləri ümumilikdə 592 min 683 tamaşaçı ziyarət etmişdir ki, onlardan 178 min 469 nəfəri əcnəbi vətəndaşdır.

May ayında Bəhruz Kəngərli Muzeyinin, dekabrın birinci ongünlüyündə Naxçıvan Duz Muzeyinin, Qarabağlar Türbə Kompleksinin və Mədəniyyət Nazirliyinin saytları fəaliyyətə başlamışdır.

Qeyd olunub ki, hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır.

Bu dövrdə kitabxanalarda 957 mədəni kütləvi tədbir keçirilmiş, 424 sərgi təşkil olmuş, 62 görkəmli şəxsiyyətlə bağlı 139 yubiley tədbiri keçirilmiş, müvafiq başlıqlı sərgilər təşkil edilmişdir.

Ötən il nazirliyin sistemində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti diqqətdə saxlanılmış, tədrisin keyfiyyətinin yüksəldilməsi və musiqinin inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilmişdir.

2018-ci ildə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini 585 ümumi, 17 fərqlənmə olmaqla, ümumilikdə 602 şagird bitirmişdir. 2018-2019-cu tədris ilində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müxtəlif ixtisaslar üzrə 990 şagird qəbul olunmuşdur.

Nazir çıxışında bildirmişdir ki, son illər muxtar respublikada geniş vüsət almış abadlıq və quruculuq tədbirləri mədəniyyət müəssisələrindən də yan keçməmişdir. Hesabat dövründə “Duzdağ” oteldə Duz Muzeyi və Şərur rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilmişdir. Bu dövrdə Naxçıvan və Nehrəm imamzadələri, Qarabağlar Türbə Kompleksi, Yengicə kəndində Şərq hamamı, Qazançı kəndindəki tarixi körpü bərpa və konservasiya edilmişdir. Muxtar respublikada Dizə və Qazançı, Aşağı və Yuxarı Buzqov, Ərəbyengicə, İbadulla, Kosacan kənd mərkəzləri inşa olunmuşdur. Bu kənd mərkəzlərində mədəniyyət müəssisələri üçün də yer ayrılmışdır.

Natəvan Qədimova çıxışının sonunda qeyd etmişdir ki, hesabat dövründə mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə 10 nəfər Prezident mükafatına, 2 nəfər Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına, 4 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına, 3 nəfər xalçaçılıq sənəti ilə bağlı, 1 nəfər muzey işçisi “Tərəqqi” medalına layiq görülmüşlər.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi bundan sonra da qədim diyarımızda mədəniyyət və incəsənətin inkişafı sahəsində qarşıya qoyulan vəzifələri layiqincə həyata keçirəcəkdir.

Sonra məruzə ətrafında çıxışlar olub.

Kollegiya iclasında Nazirliyin və kollegiyasının 2019-cu il üçün iş planları təsdiq edilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
04.01.2019














Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019