Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















Naxçıvan Duz Muzeyinin saytının təqdimatı olub

      Dekabrın 3-də “Duzdağ” oteldə yerləşən Naxçıvan Duz Muzeyinin internet saytının təqdimat mərasimi keçirilmişdir.

Naxçıvan Duz Muzeyinin internet saytının təqdimat mərasimində çıxış edən muzeyin direktoru Camal Babayev deyib ki, Naxçıvan Duz Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 sentyabr 2017 ci il tarixli Sərəncamına əsasən yaradılmışdır. Naxçıvan Muxtar Respublikasının çox qədim tarixi vardır. Əlverişli təbii-coğrafi şəraiti olan Naxçıvan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdən və insanın yaratdığı ilkin şəhər mədəniyyətinin mərkəzlərindən biridir. İlkin şəhər mədəniyyətinin yaranması bir sıra amillərlə bağlıdır. Təbii-coğrafi şərait, coğrafi mövqe, su və torpaq ehtiyatının bolluğu şəhər mədəniyyətinin yaranmasında mühüm rol oynamışdır. Bütün bu amillər Naxçıvan diyarı üçün xarakterikdir. Bu ərazidəki ibtidai insanlar Neolit dövründən başlayaraq Sədərək, Ovçulartəpəsi, Duzdağ kimi yerlərdə məskən salmışlar. Naxçıvanda ilkin şəhər mədəniyyətinin yaranmasının əsas səbəblərindən biri də yaxınlıqdakı duz mədənlərinin olmasıdır. Naxçıvan şəhərinin tarixi Duzdağın tarixi ilə sıx əlaqədardır. Duz mədənləri həm Naxçıvanın daş dövrünü, həm də bu şəhərin yaşını müəyyən etmək baxımından çox əhəmiyyətli tədqiqat obyektidir.

“Naxçıvan Duz Muzeyi”nin yaradılmasında əsas məqsəd Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolu bütün dünyaya çatdırmaq, aparılan elmi tədqiqat işlərinin sistemləşdirməsini və elmi araşdırmalar nəticəsində əldə olunan maddi mədəniyyət nümunələrinin qorunub saxlanmasını və təbliğini təmin etməkdir. Açılışı 25 aprel 2018-ci il tarixdə olan muzeydə hal-hazırda 103 eksponat nümayiş olunur. Bu eksponatlar arasında daş duzdan hazırlanmış əl işləri, Duzdağ ərazisindən tapılmış daş əmək alətləri, Duzdağ haqqında nəşr olunmuş qəzet və jurnal materialları, duz kristalları, daş gürzlər və daş çəkiclər muzeyin dəyərli eksponatları sırasında dayanırlar. Muzeydə həmçinin ümumilli lider Heydər Əliyevin Naxçıvan haqqında söylədiyi dəyərli fikirlər nümayiş olunur:

“Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünə məxsus rol oynayan Naxçıvanın hər daşı hər qayası tarixin canlı şahididir”.

Qeyd olunmuşdur ki, Naxçıvan duzunun qədim tarixinə və Naxçıvan Duz Muzeyinə göstərilən dövlət qayğısının daha bir nümunəsi Naxçıvan Duz Muzeyinin saytının yaradılmasıdır. Sonra muzeyin saytı haqqında məlumat verilmişdir. Sayt 7 bölmə və 3 alt bölmədən ibarətdir.

Ana səhifədə “Naxçıvan Duz Muzeyi”nin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 sentyabr 2017-ci tarixli Sərəncamı yerləşdirilmişdir.

Naxçıvan Duz Muzeyi bölməsi “Naxçıvan Duz Muzeyi haqqında”, “Tədbirlər” , “Naxçıvan duzu tarixi mənbələrdə” alt bölmələrindən ibarətdir.

Saytın Elektron kitabxana bölməsində müxtəlif illərdə Naxçıvan duzu haqqında nəşr olunan elmi ədəbiyyatlar jurnal və qəzet materialları yerləşdirilmişdir.

Saytda izləyicilər Naxçıvan Duz Muzeyi, o cümlədən Naxçıvan duzu haqqında, Duzdağ haqqında yerləşdirilmiş materiallarla, eyni zamanda qalereya və video bölməsində fotoşəkillər və videoçarxlarla yaxından tanış ola bilərlər.

Sayta yerləşdirilmiş virtual səyahət bölməsi vasitəsilə dünyanın istənilən nöqtəsindən izləyicilər muzeyə virtual səyahət edəcəklər.

Əlaqə bölməsində muzeyin ünvanı, e-mail və web sayt haqqında məlumatlar yerləşdirilmişdir.










Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018