Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksi

      Filosof-şair və dramaturq Hüseyn Cavidin Ev Muzeyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük sənətkarın anadan olmasının 100 illiyi münasibətilə 21 iyul 1981-ci il tarixdə qəbul etdiyi qərara əsasən yaradılmışdır.

2015-ci ildə Cavidlər ailəsinin uyuduğu məqbərə də muzey ərazisinə daxil edilərək bura “Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksi” adlandırılmışdır. Muzey fondunda 9365 eksponat toplanmışdır. Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində şairin avtoqrafı olan əsərləri, tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları və s. var. Ekspozisiyada cavidşünasların tədqiqat əsərləri və xatirələri, Hüseyn Cavidin və onun ailə üzvlərinin büstləri də sərgilənir.

Hüseyn Cavidin məzarı üzərində ucaldılmış məqbərə ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə 1996-cı ildə tikilmişdir. Məqbərə üst və aşağı sərdabə hissələrindən ibarətdir. Hüseyn Cavidlə yanaşı, dahi şairin ailə üzvləri - həyat yoldaşı Mişkinaz Cavidin, oğlu Ərtoğrol Cavidin və qızı Turan Cavidin qəbirləri məqbərənin sərdabəsindədir. Abidənin layihəsinin müəllifi Azərbaycan Respublikasının Əməkdar memarı Rasim Əliyev, heykəltəraşı isə xalq rəssamı Ömər Eldarovdur.

Ünvan: Naxçıvan şəhəri, Hüseyn Cavid küçəsi 4
Telefon: (+994 36) 545-27-26