“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi

      “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5 iyun 2013-cü il tarixli Sərəncamına əsasən yaradılmışdır. Kompleksə daxil olan Nuh peyğəmbərin məzarüstü türbəsi isə Ali Məclis Sədrinin 28 iyun 2006-cı il tarixli Sərəncamına əsasən bərpa edilmişdir. Türbənin içərisində bu abidənin müxtəlif illərdə çəkilmiş rəsmləri və fotoşəkilləri, Naxçıvan ərazisində tapılmış daşlaşmış heyvan qalıqları nümayiş etdirilir.

“Naxçıvanqala”nın inşa tarixi 632-652-ci illərə aid olunur. Müharibələr nəticəsində Naxçıvanqala bir neçə dəfə dağıdılmış və bərpa edilmişdir. 2010-cu ildə isə yenidən bərpasına başlanmış və əsaslı yenidənqurma işlərindən sonra 2014-cü ildə muzey kompleksi kimi fəaliyyət göstərir.

Muzey fondunda 504 eksponat vardır. E.ə. V minilliyə aid təsərrüfat küpü, e.ə. V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır. Burada həmçinin qədim xalçalar və XIX əsrə aid milli geyimlər də nümayiş olunur.

Kompleksin mağara hissəsində də bərpa işləri aparılmışdır. Arxeoloji qazıntılar zamanı ərazidə tapılan məişət əşyaları, dulusçuluq məmulatları, baş daşları burada qorunur və nümayiş olunur.

Ünvan: Naxçıvan şəhəri, C. Məmmədquluzadə, döngə 1/4
Telefon: (+994 36) 554-36-38