"Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatın
və Açıq Səma Altında Muzey Kompleksi

      Xan Sarayı XVIII əsrin sonlarında tikilmişdir. Naxçıvan xanlığının əvəzsiz tarixi xidmətləri nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə burada “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi yaradılmışdır. 2015-ci ildən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi” kimi fəaliyyət göstərir. 8 ekspozisiya zalından ibarət olan muzeydə 2190 eksponat var. Bu eksponatların içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi də nümayiş etdirilir.

Kompleksə daxil olan Möminə Xatın türbəsi XII əsr Azərbaycan milli memarlığının incisi hesab edilir. Türbə memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin layihəsi ilə Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin arvadı Möminə Xatının məzarı üzərində ucaldılmışdır. Türbənin tikintisi isə Şəmsəddin Eldənizin oğlu Cahan Pəhləvan tərəfindən başa çatdırılmışdır. 2003-cü ildə Möminə Xatın türbəsində bərpa işləri aparılmışdır. Abidə əzəmətli memarlıq zənginliyi ilə yanaşı, Azərbaycanın qədim tarixini, möhtəşəm dövlətçiliyini, yüksək səviyyəli mədəniyyətini, böyük memarlıq məktəbinə malik olduğunu göstərir.

Kompleksin bir hissəsini təşkil edən Açıq Səma Altında Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 iyul 2002-ci il tarixli Sərəncamına əsasən yaradılmışdır. Burada əksəriyyətini qoç fiqurları təşkil edən 450 eksponat nümayiş olunur. Bununla yanaşı, muxtar respublikanın ərazisindən tapılan müxtəlif dövrlərə aid maddi-mədəniyyət nümunələri, daş kitabələr, sütun altlıqları, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr və s. mühafizə olunaraq nümayiş etdirilir.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev Prospekti
Telefon: (+994 36) 554-02-18