Naxçıvan Dövlət Xalça Muzeyi

      Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 1998-ci ildə yaradılmış və 20 mart 2010-cu ildən yeni binaya köçürülmüşdür.

Muzeyin fondunda 3500-ə qədər maddi-mədəniyyət nümunəsi vardır. Onlardan 331-i xalçadır. Ekspozisiyada 283 eksponat nümayiş etdirilir. Buradakı xalçalar Naxçıvan xalçaçılıq məktəbi üzrə qruplaşdırılmışdır. Muzeyin ekspozisiyasında müxtəlif dövrlərə aid nəfis və zərif naxışlarla bəzədilmiş xalçalar nümayiş etdirilir. Xovlu xalçalar, məfrəş, palaz, cecim, kilim, sumax, keçə, həsir, süjetli və digər xalça növləri müxtəlif əsrlərə aiddir. Xalçalardakı həndəsi və nəbati formalı naxışlar uzaq keçmişdən xəbər verən milli mədəniyyətin tarixini səciyyələndirir. Naxışları sadə, realist və ya mücərrəd olan xalçalar Azərbaycan xalqının yaradıcılıq imkanlarının yüksək səviyyədə olduğunun göstəricisidir. Muzeyin ekspozisiyasında bədii tikmə və parça nümunələri, vərni toxunuşlu ox çantaları, xurcunlar, örkən, heybə, səccadə, yun darağı, taxta və dəmir həvələr, kirgitlər, ilmə bıçağı və digər eksponatlar da nümayiş etdirilir.

2013-cü ildə Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyası yenidən qurularaq zənginləşdirilmiş, muzeyin virtual səyahətə imkan verən internet saytı yaradılmışdır.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev Prospekti 21
Web site: www.xalca.nakhchivan.az
Telefon: (+994 36) 554-37-30