Dövlət Bayrağı Muzeyi

      Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 22 avqust 2014-cü il tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılmış və 2014-cü il noyabrın 17-də fəaliyyətə başlamışdır.

Muzeydə ümumilikdə 134 eksponat mühafizə olunur və nümayiş etdirilir ki, bunlar da dövlət atributlarının tarixinin öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Muzeydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerb və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü geyimi, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nümunələri və fotoşəkilləri muzeyin ekspozisiyasında sərgilənir.

Ünvan: Naxçıvan şəhəri, Pişəvəri küçəsi
Telefon: (+994 36) 554-37-30