Naxçıvan Dövlət Tarix Muzeyi

      Muzey 1924-cü ildə Tarix-Etnoqrafiya Muzeyi kimi yaradılmış, 1968-ci ildən Naxçıvan Dövlət Tarix Muzeyi adlandırılmışdır.

Muzeydə Naxçıvanın zəngin və qədim tarixi ilə bağlı 50 minə qədər eksponat qorunub saxlanılır. Ekspozisiya əsasən 4 dövrü əhatə edir – qədim, orta əsrlər, müasir və yeni dövrlər. Muzey 10 şöbədən ibarətdir. Burada müxtəlif əmək alətləri, Paleolit və Neolit dövrlərinin əşyaları, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, Naxçıvan Muxtar Respublikası ərazisində aşkar olunan mis və gümüş pullar, orta əsrlərin məşhur memarı Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə Xatın və Yusif Küseyr oğlu türbələrinin, eləcə də digər memarlıq abidələrinin fotoşəkilləri, dekorativ tətbiqi sənət, xalçaçılıq, numizmatika, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri, el sənətkarlarının əl işləri sərgilənir.

Ünvan: Naxçıvan şəhəri, İstiqlal küçəsi 77
Telefon: (+994 36) 545-01-39