Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi


Mədəniyyətimiz xalqımızın milli
sərvətidir, intellektual mülkiyyətidir!

Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri


Nazirlik haqqında
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi muxtar respublikada mədəniyyət, incəsənət, tarix və mədəniyyət abidələrinin qorunması sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Heydər Əliyev Muzeyi

     Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 fevral 1999-cu il tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində yaradılmışdır. Muzeydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə (1991-1993) aid şəxsi sənəd və materiallar, məktub, qərar və sərəncamlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri nümayiş olunur. Muzey 5 bölmədən ibarətdir. Muzeyin kitabxanasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən qəzet, jurnal, albom və kitablar, ulu öndərə məxsus şəxsi əşyalar saxlanılır. Muzeyin fonduna ümumilikdə 5 minə yaxın eksponat daxildir.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev Prospekti 25
Email: aliyev-museum@nakhchivan.az
www.aliyev-museum.nakhchivan.az
Telefon: +99436 545-92-98

Naxçıvan Dövlət Tarix Muzeyi

     Muzey 1924-cü ildə Tarix-Etnoqrafiya Muzeyi kimi yaradılmış, 1968-ci ildən Naxçıvan Dövlət Tarix Muzeyi adlandırılmışdır. Muzeydə Naxçıvanın zəngin və qədim tarixi ilə bağlı 50 minə qədər eksponat qorunub saxlanılır. Ekspozisiya əsasən 4 dövrü əhatə edir – qədim, orta əsrlər, müasir və yeni dövrlər. Muzey 10 şöbədən ibarətdir. Burada müxtəlif əmək alətləri, Paleolit və Neolit dövrlərinin əşyaları, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, Naxçıvan Muxtar Respublikası ərazisində aşkar olunan mis və gümüş pullar, orta əsrlərin məşhur memarı Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə Xatın və Yusif Küseyr oğlu türbələrinin, eləcə də digər memarlıq abidələrinin fotoşəkilləri, dekorativ tətbiqi sənət, xalçaçılıq, numizmatika, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri, el sənətkarlarının əl işləri sərgilənir.

Ünvan: Naxçıvan şəhəri, İstiqlal küçəsi 77
Telefon: +99436 545-01-39

Cəlil Məmmədquluzadə adına
Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi

     Muzey 1966-cı ildə yaradılmışdır. Muzeyin fondunda 20 mindən çox eksponat var. Muzeydə çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar, qəzet və jurnallar, xatirə əşyaları və digər muzey materialları mühafizə olunur. Ekspozisiyada klassik və müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə, Naxçıvan torpağının yetirdiyi şair və yazıçıların, sənətşünasların yaradıcılığına geniş yer verilmişdir. Ekspozisiyada və fondda Azərbaycanın fırça ustalarının müxtəlif janrlarda yaratdıqları boyakarlıq və heykəltəraşlıq əsərləri, Naxçıvan teatrının tarixinə aid sənədlər – afişalar,məktublar, proqramlar, tamaşa eskizləri, görkəmli teatr sənətkarlarının yaradıcılığını əks etdirən fotoşəkillər də vardır. Muzey 18 avqust 2008-ci ildə yeni bina ilə təmin olunmuşdur.

Ünvan: Naxçıvan şəhəri, Nizami küçəsi 19
Telefon: +99436 545-16-86

Dövlət Bayrağı Muzeyi

     Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 22 avqust 2014-cü il tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılmış, 2014-cü il noyabrın 17-də fəaliyyətə başlamışdır. Muzeydə ümumilikdə 134 eksponat mühafizə olunur və nümayiş etdirilir ki,bunlar da dövlət atributlarının tarixinin öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Muzeydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerb və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü geyimi, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nümunələri və fotoşəkilləri muzeyin ekspozisiyasında sərgilənir.

Ünvan: Naxçıvan şəhəri, Pişəvəri küçəsi
Telefon: +99436 554-37-30

Naxçıvan Dövlət Xalça Muzeyi

     Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 1998-ci ildə yaradılmış və 20 mart 2010-cu ildən yeni binaya köçürülmüşdür. Muzeyin fondunda 3500-ə qədər maddi-mədəniyyət nümunəsi vardır. Onlardan 331-i xalçadır. Ekspozisiyada 283 eksponat nümayiş etdirilir. Buradakı xalçalar Naxçıvan xalçaçılıq məktəbi üzrə qruplaşdırılmışdır. Muzeyin ekspozisiyasında müxtəlif dövrlərə aid nəfis və zərif naxışlarla bəzədilmiş xalçalar nümayiş etdirilir. Xovlu xalçalar, məfrəş, palaz, cecim, kilim, sumax, keçə, həsir, süjetli və digər xalça növləri müxtəlif əsrlərə aiddir. Xalçalardakı həndəsi və nəbati formalı naxışlar uzaq keçmişdən xəbər verən milli mədəniyyətimizin tarixini səciyyələndirir. Naxışları sadə, realist və ya mücərrəd olan xalçalar Azərbaycan xalqının yaradıcılıq imkanlarının yüksək səviyyədə olduğunun göstəricisidir. Muzeyin ekspozisiyasında bədii tikmə və parça nümunələri, vərni toxunuşlu ox çantaları, xurcunlar, örkən, heybə, səccadə, yun darağı, taxta həvələr, kirgitlər, dəmir həvələr, ilmə bıçağı və digər eksponatlar da nümayiş etdirilir. 2013-cü ildə Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyası yenidən qurularaq zənginləşdirilmiş, muzeyin internet saytı yaradılmışdır.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev Prospekti 21
www.xalca.nakhchivan.az
Telefon: +99436 554-37-30

"Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatın və
Açıq Səma Altında Muzey Kompleksi

     Xan Sarayı XVIII əsrin sonlarında tikilmişdir. Naxçıvan xanlığının əvəzsiz xidmətləri nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi yaradılmış və 2015-ci ildən "Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi" kimi fəaliyyət göstərir. 8 ekspozisiya zalından ibarət olan muzeydə 2190 eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi də nümayiş etdirilir.
     Kompleksə daxil olan Möminə Xatın türbəsi XII əsr Azərbaycan milli memarlığının incisi hesab edilir. Türbə memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin layihəsi ilə Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin arvadı Möminə xatının məzarı üzərində ucaldılmışdır. Türbənin tikintisi isə Şəmsəddin Eldənizin oğlu Cahan Pəhləvan tərəfindən başa çatdırılmışdır. 2003-cü ildə Möminə Xatın türbəsində bərpa işləri aparılmışdır. Abidə əzəmətli memarlıq zənginliyi ilə yanaşı, Azərbaycanın qədim tarixini, möhtəşəm dövlətçiliyini, yüksək səviyyəli mədəniyyətini, böyük memarlıq məktəbinə malik olduğunu göstərir.
     Kompleksin bir hissəsini təşkil edən Açıq Səma Altında Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 iyul 2002-ci il tarixli Sərəncamına əsasən yaradılmışdır. Burada əksəriyyətini qoç fiqurları təşkil edən 450 eksponat nümayiş olunur. Bununla yanaşı, muxtar respublikanın ərazisindən tapılan müxtəlif dövrlərə aid maddi-mədəniyyət nümunələri, daş kitabələr, sütun altlıqları, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr və s. mühafizə olunaraq nümayiş etdirilir.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev Prospekti
Telefon: +99436 554-02-18

Naxçıvan Dövlət Rəsm Qalereyası

     Naxçıvan Dövlət Rəsm Qalereyası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sərəncamı ilə 1982-ci ildə yaradılmışdır. Qalereya hazırda Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayının üçüncü mərtəbəsində fəaliyyət göstərir. Qalereyanın fondunda Azərbaycan və xarici rəssamların əsərlərindən ibarət 381 eksponat mühafizə olunaraq nümayiş etdirilir.

Qalereyadakı rəsm əsərləri mövzu, üslub və janr müxtəlifliyi ilə seçilir. Burada portret, peyzaj, qrafika, natürmort, məişət, tarixi və başqa janrlarda çəkilmiş rəsm əsərləri vardır. Ekspozisiyanın birinci guşəsində ulu öndər Heydər Əliyevə həsr edilmiş rəsm əsərləri sərgilənir. İkinci guşədə tarix-mədəniyyət abidələrini, üçüncü guşədə Naxçıvanın füsunkar təbiət gözəlliklərini əks etdirən və mənzərə janrında çəkilmiş əsərlər nümayiş olunur.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev Prospekti 1
Heydər Əliyev Sarayı, 3-cü mərtəbə
Telefon: +99436 544-55-03

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi

     “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5 iyun 2013-cü il tarixli Sərəncamına əsasən yaradılmışdır. Kompleksə daxil olan Nuh peyğəmbərin məzarüstü türbəsi isə Ali Məclis Sədrinin 28 iyun 2006-cı il tarixli Sərəncamına əsasən bərpa edilmişdir. Türbənin içərisində bu abidənin müxtəlif illərdə çəkilmiş rəsmləri və fotoşəkilləri, Naxçıvan ərazisində tapılmış daşlaşmış heyvan qalıqları nümayiş etdirilir.
     “Naxçıvanqala”nın inşa tarixi 632-652-ci illərə aid olunur. Müharibələr nəticəsində Naxçıvanqala bir neçə dəfə dağıdılmış və bərpa edilmişdir. 2010-cu ildə isə yenidən bərpasına başlanmış və əsaslı yenidənqurma işlərindən sonra 2014-cü ildə muzey kompleksi kimi fəaliyyət göstərir.
     Muzey fondunda 504 eksponat vardır. E.ə. V minilliyə aid təsərrüfat küpü, e.ə. V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır. Burada həmçinin qədim xalçalar və XIX əsrə aid milli geyimlər də nümayiş olunur. Kompleksin mağara hissəsində də bərpa işləri aparılmışdır. Arxeoloji qazıntılar zamanı ərazidə tapılan məişət əşyaları, dulusçuluq məmulatları, məzar daşları, baş daşları burada qorunur və nümayiş olunur.

Ünvan: Naxçıvan şəhəri, C. Məmmədquluzadə, döngə 1/4
Telefon: +99436 554-36-38

Naxçıvan Duz Muzeyi

     Naxçıvan Duz Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” 12 sentyabr 2017-ci il tarixli Sərəncamına əsasən yaradılmışdır. Muzeyin yaradılmasında əsas məqsəd Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolu dünyaya çatdırmaq, aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, elmi araşdırmalar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasını və təbliğini təmin etməkdir.

Muzeydə nümayiş olunan daş alətlər, daş çəkic və çapacaqlar, duz saxlamaq və ya duzu müxtəlif yerlərə daşımaq üçün istifadə olunmuş duz torbaları, saxsıdan və gildən hazırlanmış duz qabları, daş həvəngdəstə, dəstərlər və digər dəyərli eksponatlar Naxçıvan Duzdağının qədim tarixi və mədəni potensialını özündə cəmləşdirir. Bundan əlavə, muzeydə duz gölündən çıxarılmış duz kristalları, qədim duz platformalarından tapılmış karsit (qarğaduzu) və duz süxurları da nümayiş olunur.

Ünvan: Naxçıvan şəhəri, Duzdağ Otel
Telefon:

Xatirə Muzeyi

     Xatirə Muzeyi ermənilər tərəfindən törədilən soyqırım qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılmışdır. 2015-ci ildən muzey Şəhidlər xiyabanı yaxınlığında yeni inşa edilmiş binada fəaliyyətini davam etdirir. Muzeydə 1874 eksponat mühafizə olunur və nümayiş etdirilir.

Muzeydə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım faktlarını əks etdirən sənədlər, şəkillər və digər eksponatlar vardır. Həmçinin muzeydə ötən əsrin 90-cı illərində torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş soydaşlarımızın keçdiyi döyüş yolunu əks etdirən fotoşəkillər, şəxsi əşyalar nümayiş etdirilir.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti
Telefon: +99436 554-37-09

Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksi

     Filosof-şair və dramaturq Hüseyn Cavidin Ev Muzeyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük sənətkarın anadan olmasının 100 illiyi münasibətilə 21 iyul 1981-ci il tarixdə qəbul etdiyi qərara əsasən yaradılmışdır. 2015-ci ildə Cavidlər ailəsinin uyuduğu məqbərə də muzey ərazisinə daxil edilərək bura “Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksi” adlandırılmışdır. Muzey fondunda 9365 eksponat toplanmışdır. Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində şairin avtoqrafı olan əsərləri, tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları və s. var. Ekspozisiyada cavidşünasların tədqiqat əsərləri və xatirələri, Hüseyn Cavidin və onun ailə üzvlərinin büstləri də sərgilənir.

Hüseyn Cavidin məzarı üzərində ucaldılmış məqbərə ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə 1996-cı ildə tikilmişdir. Məqbərə üst və aşağı sərdabə hissələrindən ibarətdir. Hüseyn Cavidlə yanaşı, dahi şairin ailə üzvləri – həyat yoldaşı Mişkinaz Cavidin, oğlu Ərtoğrol Cavidin və qızı Turan Cavidin qəbirləri məqbərənin sərdabəsindədir. Abidənin layihəsinin müəllifi Azərbaycan Respublikasının Əməkdar memarı Rasim Əliyev, heykəltəraşı isə xalq rəssamı Ömər Eldarovdur.

Ünvan: Naxçıvan şəhəri, Hüseyn Cavid küçəsi 4
Telefon: +99436 545-27-26

Cəlil Məmmədquluzadənin Ev Muzeyi

     Muzey Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 19 iyun 1998-ci il tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində Cəlil Məmmədquluzadənin doğulduğu, uşaqlıq və gənclik illərini keçirdiyi evdə yaradılmışdır. Ulu öndər Heydər Əliyevin iştirakı ilə 1999-cu ilin 13 oktyabrında muzeyin açılışı olmuşdur. Muzeydə böyük ədibin həyat və yaradıcılığına aid 2156 eksponat mühafizə olunur və nümayiş etdirilir. Cəlil Məmmədquluzadəyə və onun ailəsinə məxsus şəxsi məişət əşyaları, o cümlədən yazıçının əsərləri, “Molla Nəsrəddin” jurnalının müxtəlif illərə aid nüsxələri, ədibin müasirlərinə aid sənədlər və s. muzeyin qiymətli eksponatları sırasındadır.

Ünvan: Naxçıvan şəhəri, Ağamalıoğlu küçəsi, döngə 2
Telefon: +99436 545-67-86

Bəhruz Kəngərli Muzeyi

     Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəhruz Kəngərli Muzeyinin yaradılması haqqında” 2001-ci il 22 may tarixli Sərəncamına əsasən yaradılmışdır. 1897-ci ildə Naxçıvan şəhərində tikilmiş binada fəaliyyət göstərən muzeydə 1217 eksponat, o cümlədən rəssamın 61 orijinal əsəri, əsərlərinin fotosurətləri, ailəsi, həyat və fəaliyyəti ilə bağlı sənədlər, məişətdə istifadə etdiyi əşyalar və digər eksponatlar nümayiş etdirilir. Xəstəliyi ilə əlaqədar qısa ömür sürmüş və cəmi 7 il yaradıcılıq fəaliyyəti olmuş Bəhruz Kəngərli 2000-ə qədər müxtəlif mövzulu və janrlı rəsm əsəri yaratmışdır. Rəssamın erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi soyqırımı əks etdirən “Qaçqınlar” silsiləsindən rəsm əsərləri muzeyin eksponatları sırasındadır.

Ünvan: Naxçıvan şəhəri, Atatürk küçəsi 75
Telefon: +99436 554-33-29

Cəmşid Naxçıvanskinin Ev Muzeyi

     Muzey Kəngərli xanları nəslinin görkəmli nümayəndəsi, Azərbaycan Atıcı Diviziyasının komandiri general Cəmşid Naxçıvanskinin anadan olmasının 85 illiyi ilə əlaqədar yaşadığı evdə 1981-ci ildə yaradılmış, 1982-ci ilin 22 oktyabrında fəaliyyətə başlamışdır. Muzeydə C.Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, orden və medallar, müxtəlif sənədlər, kitablar, məktub və əlyazmalar, şəxsi və ev əşyaları və digər materiallardan ibarət ümumilikdə 5295 eksponat nümayiş etdirilir. Bunların içərisində Azərbaycan Atıcı Diviziyasının tarixinə, görkəmli sərkərdənin keçdiyi döyüş yoluna həsr olunmuş məqalələr, kitablar xüsusi yer tutur.

Ünvan: Naxçıvan şəhəri, Atatürk küçəsi 6
Telefon: +99436 545-21-16

Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi

     Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1978-ci il dekabr ayının 31-də yaradılmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1980–ci ildən müstəqil muzey kimi fəaliyyət göstərir. Muzeyin fondunda olan 8474 eksponatdan 4000-dən çoxu ekspozisiyada nümayiş etdirilir. Muzeydə 2 şöbə, 12 bölmə fəaliyyət göstərir. Bölmələrdə müxtəlif əmək alətləri, misdən və saxsıdan hazırlanmış qədim məişət əşyaları, arxeoloji qazıntılar nəticəsində əldə edilmiş saxsı və keramika nümunələri, toxuculuq və xalçaçılıq məmulatları, rəsm əsərləri, fotoşəkillər, kitablar və digər dəyərli eksponatlar nümayiş olunur.

Ünvan: Şərur şəhəri, Heydər Əliyev prospekti
Telefon: +99436 542-21-69

Cəlil Məmmədquluzadənin Cəlilkənd Kəndində Xatirə Muzeyi

     Muzey 1987-ci ildə Cəlil Məmmədquluzadənin vaxtilə müəllim işlədiyi Şərur rayonundakı Cəlilkənddə yaradılmışdır. 2013-cü ildən müstəqil muzey kimi fəaliyyət göstərir. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı sayəsində 2015-ci ildə müasir memarlıq üslubunda inşa olunan yeni binaya köçürülmüşdür. Muzey giriş hissə, ekspozisiya zalı, fond otağı və 2 iş otağından ibarətdir. Muzeyin fondunda 449 eksponat var. Onlardan 274-ü ekspozisiyada nümayiş etdirilir. Ədibin istifadə etdiyi əşyalar, müxtəlif illərdə qələmə aldığı əsərləri, “Molla Nəsrəddin” jurnalının müxtəlif nömrələri, eləcə də Cəlil Məmmədquluzadə irsindən bəhs edən kitablar ekspozisiyada sərgilənir. Muzeydə nümayiş olunan bu dəyərli nümunələrin hər biri Azərbaycanda tənqidi realizm ədəbi cərəyanının və “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi, kiçik hekayə janrının və satirik publisistikanın yaradıcısı kimi böyük şöhrət qazanan ədibin irsinin öyrənilməsi üçün əvəzsiz mənbələrdir.

Ünvan: Şərur rayonu, Cəlilkənd kəndi
Telefon: +99436 552-37-94

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi

     Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci il dekabr ayının 18-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Muzey ekspozisiya zalından və iş otaqlarından ibarətdir. 200 eksponatla fəaliyyətə başlayan muzeyin fondunda hal-hazırda rayonun qədim tarixini əks etdirən 3684 eksponat toplanmışdır. Onlardan 600-ü ekspozisiyada nümayiş etdirilir. Ekspozisiya bir neçə guşə və bölmələrə ayrılmışdır. Burada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş guşə, qədim məişət və təsərrüfat alətləri, əkinçilik və toxuculuq məmulatları, xalçalar, rəsm əsərləri, dekorativ-tətbiqi sənət nümunələri, eyni zamanda müasir Babək rayonu haqqında məlumatlar, fotoşəkillər, stendlər, rayonun fauna və florasını əks etdirən nümunələr, yeraltı və yerüstü sərvətləri və kitablar sərgilənir.

Ünvan: Babək qəsəbəsi
Telefon:

Cəlil Məmmədquluzadənin Nehrəm Kəndində Xatirə Muzeyi

     Böyük yazıçının Nehrəm kəndində müəllim kimi fəaliyyət göstərdiyi məktəb 1989-cu ildən Cəlil Məmmədquluzadənin Nehrəm kəndində Xatirə Muzeyi kimi fəaliyyət göstərməyə başlamışdır. Muzeyin binası 15 aprel 2015-ci ildə əsaslı şəkildə təmir olunmuşdur. Muzey 3 ekspozisiya zalından və iş otaqlarından ibarətdir. Muzeyin fonduna görkəmli ədibin həyat və fəaliyyətini özündə əks etdirən 891 ədəd eksponat daxildir. Eksponatlar, əsasən, ədibin istifadə etdiyi əşyalardan, müxtəlif illərdə qələmə aldığı əsərlərindən, “Molla Nəsrəddin” jurnalının müxtəlif nömrələrindən, eləcə də Cəlil Məmmədquluzadə irsindən bəhs edən kitablardan ibarətdir. Muzeydə nümayiş olunan eksponatlar Azərbaycanda tənqidi realizm ədəbi cərəyanının və “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi, kiçik hekayə janrının və satirik publisistikanın yaradıcısı olan Cəlil Məmmədquluzadə irsinin öyrənilməsi üçün dəyərli mənbədir.

Ünvan: Babək rayonu, Nehrəm kəndi
Telefon:

Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi

     Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi XVII əsrə aid tarixi-memarlıq abidəsi olan Qeysəriyyə binasında fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Qeysəriyyə tarixi abidəsində 14 yanvar 2011-ci il tarixdə bərpa işləri aparılmışdır. Muzey geniş ekspozisiya zalından, fond və iş otaqlarından ibarətdir. Muzeyin fonduna 4000-dən çox eksponat daxildir və onların əksəriyyəti ekspozisiya zalında 15 guşədə nümayiş olunur. Ekspozisiya zalında müxtəlif əmək alətləri, misdən və saxsıdan hazırlanmış qədim məişət əşyaları, arxeoloji qazıntılar nəticəsində əldə edilmiş qəbir daşları və sənduqələr, rayonun tanınmış ziyalıları haqqında məlumatlar,onların fotoşəkilləri, kitabları və digər dəyərli eksponatlar nümayiş etdirilir.

Ünvan: Ordubad şəhəri
Telefon: +99436 547-02-09

Akademik Yusif Məmmədəliyevin Ev Muzeyi

     Akademik Yusif Məmmədəliyevin Ev Muzeyi Ordubad şəhərində alimin uşaq və yeniyetməlik illərində yaşadığı evdə fəaliyyət göstərir. Muzey 1975-ci ildə yaradılmışdır. İkimərtəbəli muzey binasının birinci mərtəbəsində fond və iş otaqları, ikinci mərtəbəsində isə ekspozisiya zalı yerləşir. Burada akademikin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid sənədlərdən, çap olunmuş əsərlərindən, fotoşəkillərdən, habelə xatirə şəkillərindən ibarət 2010 eksponat qorunub saxlanılır. Bu eksponatlardan 250-si muzeyin ekspozisiyasında nümayiş olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə 2006-cı ildə muzeyin binası əsaslı şəkildə təmir olunmuşdur.

Ünvan: Ordubad şəhəri, Y. Məmmədəliyev küçəsi
Telefon:

Məhəmməd Tağı Sidqinin Ev Muzeyi

     Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin ev muzeyinin yaradılması haqqında” 17 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən yaradılmışdır. İki mərtəbəli muzey binasının birinci mərtəbəsində iş otaqları, ikinci mərtəbədə isə ekspozisiya zalı yerləşir. Muzeyin ekspozisiyasında 286 eksponat var. Ekspozisiya zalında görkəmli pedaqoqun ailə üzvlərinin, sənət yoldaşlarının və şagirdləri olmuş görkəmli şəxsiyyətlərin fotoşəkilləri nümayiş etdirilir. Həmçinin burada görkəmli maarifçinin tərcümeyi-halı, əlyazmaları, nəşr olunan məqalə və kitabları, eləcə də teatr sahəsindəki xidmətlərini əks etdirən dəyərli nümunələr, görkəmli pedaqoqun zəngin irsinin öyrənilməsi ilə bağlı keçirilən konfransların materialları, Məhəmməd Tağı Sidqi haqqında yazılmış kitab, jurnal, qəzet materialları sərgilənir. Muzeydəki eksponatlar M.T. Sidqi yaradıcılığını tədqiq edənlər üçün dəyərli elmi mənbələrdir.

Ünvan: Ordubad şəhəri, Mingis küçəsi
Telefon: 547-04-91

Məmməd Səid Ordubadinin Ev Muzeyi

     Muzey 1972-ci ilin iyununda ədibin anadan olmasının 100 illiyi münasibəti ilə yaradılmışdır. Muzeydə 711 eksponat nümayiş olunur. Burada Məmməd Səid Ordubadinin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, portretlər, müxtəlif sənədlər, yaşadığı dövrə aid xatirə əşyaları, əsərlərinin müxtəlif illərdə və dillərdə nəşrlərindən nümunələr, məktub və əlyazmalar, ədibin silahdaşları olmuş görkəmli şəxslərin fotoşəkilləri, xatirələri və s. qorunub saxlanılır. Muzey M. S. Ordubadinin ədəbi irsinin öyrənilməsində mühüm mədəniyyət ocağıdır.

Ünvan: Ordubad şəhəri, Mingis küçəsi 14
Telefon:

Gəmiqaya Muzeyi

     Dünyanın ən qədim insan məskənlərindən biri olan Gəmiqaya Ordubad rayonu ərazisində, Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Kiçik Qafqazın ən yüksək zirvəsi olan Qapıcıqda yerləşir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 26 aprel 2001-ci il tarixli Sərəncamına əsasən abidə ətraflı tədqiq edilmiş, “Gəmiqaya” Tarix-Bədii Qoruğu yaradılmış, 2014-cü ildə “Gəmiqaya” Tarix-Bədii Qoruğu və muzey üçün bina tikilmişdir. 2 yardımçı otaqdan və ekspozisiya zalından ibarət olan muzeyin fondunda 213 eksponat vardır. Hazırda onlardan 106-sı ekspozisiya zalında nümayiş etdirilir. Muzeydə üzərində rəsmlər olan qaya daşları, Gəmiqayada aparılan tədqiqat işlərinə aid müxtəlif kitablar, qəzetlər, fotoşəkillər, qayaüstü rəsmlərin fotoşəkilləri, eləcə də Naxçıvanın 5 minillik şəhər mədəniyyəti tarixinə aid elmi simpoziumların materialları toplanmışdır. Xalqımızın tarixi etnoqrafiyası və arxeologiyası üçün mühüm əhəmiyyətə malik olan, bəşər tarixinin ilkin təkamül çağlarından xəbər verən Gəmiqaya abidəsi qədim insanların dini, ideoloji, mifoloji, siyasi görüşlərini əks etdirən qayaüstü rəsmlər toplusudur. Süjet və kompozisiyası ilə fərqlənən bu rəsmlərin mövzusu əcdadlarımızın inanc və əmək fəaliyyətini göstərir.

Ünvan: Ordubad rayonu, Nəsirvaz kəndi
Telefon:

Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi

     Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci ildə fəaliyyətə başlamışdır. Muzey giriş, 5 ekspozisiya zalı və iş otağından ibarətdir. Muzeyin fonduna hal-hazırda 1185 eksponat daxildir. Onlardan 800 ədədi ekpozisiya zallarında nümayiş olunur. Muzeydə, əsasən, Culfa rayonunun tarixini, adət-ənənələrini, mədəniyyətini və təbiətini əks etdirən eksponatlar toplanmışdır. Bunlardan müxtəlif əmək alətləri, misdən və saxsıdan hazırlanmış qədim məişət əşyaları, Culfa rayonunun fauna və florasına aid təbiət nümunələri, rayon ərazisində yerləşən tarixi abidələrin fotoşəkilləri, rəsm əsərləri, xalçalar, tətbiqi-sənət nümunələri, kitablar və digər dəyərli eksponatlar nümayiş etdirilir.

Ünvan: Culfa şəhəri
Telefon: +99436 546-18-13

“Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi

     “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən yaradılmışdır. 2016-cı il iyunun 17-də “Əlincəqala” tarixi abidəsi və muzeyi istifadəyə verilmişdir. Muzey ekspozisiya zalından və 2 iş otağından ibarətdir. Muzeyin fondunda ümumilikdə 250 eksponat vardır ki, bunlardan 151-i muzeyin ekspozisiyasında sərgilənir. Muzeydə Əlincəqala abidəsinin bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri, Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitab və məqalələr, qəzet materialları, Əlincəqala ərazisindən aşkar olunmuş boyalı keramika parçaları, saxsı və mis qablar və s. nümayiş etdirilir. Həmçinin muzeydə gümüş kəmər nümunələri, müxtəlif corab, araqçın və toxuculuq nümunələri, alət və ləvazimatları, digər dəyərli maddi-mədəniyyət nümunələri də nümayiş olunur.

Ünvan: Culfa rayonu, Xanəgah kəndi
www.elinceqala.naxcivan.az
Telefon: +99460 700-20-01

Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi

     Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 iyun 2006-cı il tarixli Sərəncamına əsasən yaradılmışdır. Kəngərli rayonunun mərkəzi olan Qıvraq qəsəbəsində yerləşir. Muzeydə xalqımızın tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı olan 2751 maddi-mədəniyyət nümunəsi qorunub saxlanılır. Ekspozisiya zalı, fond və iş otaqlarından ibarət olan muzeydə rayonun tarixini, adət və ənənələrini, məişətini özündə əks etdirən dəyərli eksponatlar toplanmışdır. Burada ibtidai icma quruluşundan başlayaraq istifadə olunmuş daş əmək alətləri, boyalı qablar, küp və keramika nümunələri, dekorativ-tətbiqi sənət nümunələri, mis məişət əşyaları, xalçalar, milli musiqi alətləri nümayiş olunur. Muzeyin ekspozisiyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş guşə vardır. Həmçinin muzeydə Kəngərli rayonunda yetişdirilən kənd təsərrüfatı məhsulları və rayon ərazisində istehsal olunan tikinti materiallarından ibarət guşələr yer alır.

Ünvan: Kəngərli rayonu, Qıvraq qəsəbəsi
Telefon: +99436 548-01-59

Şahtaxtinskilər Muzeyi

     Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Şahtaxtinskilər muzeyinin yaradılması haqqında" 2010-cu il 9 fevral tarixli Sərəncamına əsasən Kəngərli rayonunun Şahtaxtı kəndində yaradılıb. Burada iki ekspozisiya zalı, iki yardımçı otaq vardır. Ekspozisiya zallarında 151 eksponat nümayiş etdirilir.
     Muzeyin ekspozisiyasında olan Şahtaxtinskilər haqqında məlumatlar, əlyazmaları, müasirlərinin fotoşəkilləri və digər eksponatlar bütöv bir ziyalı nəsli haqqında dolğun təəssürat yaradır. Muzeydə təkcə Məhəmməd ağa və Behbud ağa Şahtaxtinskilərin deyil, müxtəlif dövrlərdə yaşayıb fəaliyyət göstərmiş və xalqımıza layiqincə xidmət etmiş Şahtaxtinskilər haqqında materiallar toplanmışdır.

Ünvan: Kəngərli rayonu, Şahtaxtı kəndi
Telefon:

Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi

     Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildən fəaliyyətə başlamışdır. Muzeydə Şahbuz rayonu ərazisində müxtəlif dövrləri əhatə edən tarixi, milli-mədəni nümunələr, dəyərli eksponatlar qorunub saxlanılır və nümayiş etdirilir. Muzey ekspozisiya zalından və iş otaqlarından ibarətdir. Muzeyin fondunda 4363 eksponat qorunub saxlanılır ki, onlardan 1100-ü ekspozisiya zalında nümayiş olunur. Ekspozisiya zalında qədim bəzək əşyaları, numizmatika məmulatları, saxsıdan və gildən hazırlanmış məişət və təsərrüfat alətləri, rayon ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkarlanmış küp qəbirlər, məzarüstü daşlar və sənduqələr, qədim toxuculuq alətləri, rayonun flora və faunasını əks etdirən nümunələr, kitablar və digər dəyərli eksponatlar nümayiş olunur.

Ünvan: Şahbuz rayonu
Telefon: +99436 543-02-98

Məmməd Arazın Ev Muzeyi

     Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 iyun 2013-cü il tarixli Sərəncamına əsasən Xalq şairi Məmməd Arazın doğulub boya-başa çatdığı Şahbuz rayonunun Nursu kəndində yaradılıb. Muzeyin binası iki mərtəbədən ibarətdir. Xalq şairi Məmməd Arazın zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzey şairin həyat və yaradıcılığı haqqında geniş məlumat almağa imkan verir. Ekspozisiyada şairin müxtəlif illərdə nəşr olunan əsərlərindən, eləcə də görkəmli söz ustasının həyat və yaradıcılığından bəhs edən kitablardan, mənalı həyat yolunun müxtəlif dövrlərini əks etdirən fotoşəkillərdən və digər materiallardan ibarət ümumilikdə 1496 eksponat nümayiş etdirilir. Məmməd Araz yaradıcılığının ətraflı öyrənilməsi üçün muzeylə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında interaktiv dərslər keçirilir, muzeyə ekskursiyalar təşkil olunur.

Ünvan: Şahbuz rayonu, Nursu kəndi
Telefon: +99436 543-21-25

Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi

     Muzey 1978-ci il fevral ayının 23-də Ölkəşünaslıq muzeyi olaraq yaradılmış, 2000-ci il 26 iyun tarixdən isə Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərməyə başlamışdır. İkimərtəbəli muzey binası 2 ekspozisiya zalı, fond və iş otaqlarından ibarətdir. Muzeyin fonduna 2347 eksponat daxildir. Muzey arxeologiya, etnoqrafiya, tətbiqi sənət, xalçaçılıq, qədim silahlar, kənd təsərrüfatı alətləri, numizmatika, flora və fauna bölmələrindən ibarətdir. Muzeydə numizmatika məmulatları, saxsı qablar və gildən hazırlanmış məişət və təsərrüfat alətləri, qədim toxuculuq alətləri, xalçalar və digər dəyərli eksponatlar nümayiş olunur.

Ünvan: Sədərək rayonu, Heydərabad qəsəbəsi
Telefon: +99436 549-21-13







https://www.symptoma.ro
Besucherzahler
счетчик посещений

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi
© Müəlliflik hüququ qorunur
2018