Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

Milli Musiqi Alətləri


           Azərbaycan xalqının milli sərvəti sayılan musiqi alətləri zənginliyi və müxtəlif növlüyü ilə seçilir. Onların əksəriyyəti qədim dövrlərdə yaranmış və təkmilləşərək dövrümüzə qədər gəlib çatmışdır. 6 min il yaşı olan Qobustan qayaüstü rəsmlərinin yaxınlığında yerləşən “qaval çalan daş”dan əcdadlarımız zərb aləti kimi istifadə etmişlər. Arxeoloji qazıntılar zamanı aşkar olunan əşyaların üzərində müxtəlif çalğı alətlərinin həkk edilməsi onların qədim tarixə malik olduğunu sübüt edir.

           Azərbaycan xalqına xas olan maddi-mədəniyyət nümunələri, klassik şairlərin əsərləri, orta əsr musiqişünaslarının risalələri və rəssamların çəkdikləri miniatürlər, divar rəsmləri, bu torpağı gəzmiş səyyahların gündəlikləri, muzey kolleksiyaları vaxtilə Azərbaycanda 90-a yaxın çalğı alətinin istifadə olunduğu qənaətinə gəlməyə əsas verir. Çalğı alətləri quruluşuna görə simli, nəfəsli, zərb və s. alətlər olmaqla qruplara bölünür.