Ərməmməd (Alməmməd) Piri

Culfa rayonunun Camaldın kəndindən təqribən 4-5 km şərqdə yüksək dağ üzərində yerləşən bu qədim mağara 1974-cü ildə qeydə alınmış ziyarətgahdır.

Mağarada təsadüfi tapıntılar nəticəsində daş əmək alətləri, Mustye mədəniyyəti üçün səciyyəvi olan müxtəlif lövhələr aşkar olunmuşdur. Tapıntıların təqribən 40-50 min il əvvəlki dövrə aid olduğu ehtimal edilir. Alməmməd piri adlandırılan pir-ziyarətgah ətrafı böyük ağaclarla əhatə olunmuş bir binadan ibarətdir. Binanın giriş qapısının sol tərəfində və binanın içərisində qəbirlər vardır. Ziyarətə gələn zəvvarlar hər iki qəbiri ziyarət edirlər. Ancaq qəbirlərin üzərində epiqrafik sənəd-kitabə olmadığı üçün onların mənsubiyyəti və dövrü aydınlaşdırılmamışdır. Əhali arasında pir haqda müxtəlif rəvayətlər mövcuddur.

Ziyarətgah-pir e.ə. 3-1-ci minilliklərə və orta əsrlərə aid edilir.