Yengicə Hamamı (ХVIII əsr)

Dövrümüzədək gəlib çatan memarlıq nümunələri göstərir ki, keçmişdə muxtar respublika ərazisindəki şəhərlərlə yanaşı kənd tipli yaşayış məntəqələrində də hamamlar fəaliyyət göstərmişdir. Naxçıvanda yaradılan türk-islam mədəniyyətinin belə nümunələrindən biri də Yengicə hamamıdır. Hamam Şərur rayonunun Yengicə kəndində inşa olunmuşdur. Əhalinin fikrincə hamam XVIII əsrin sonlarında əslən Şahtaxtı kəndindən olan Tovuz xanım tərəfindən tikdirilmişdir. Hamam Yengicə kəndinin əhalisindən əlavə ətraf kəndlərdən gələn adamlara da xidmət etmişdir.

Yengicə hamamının ümumi sahəsi 650 kvadratmetrdir. Bina əhəng məhlulu istifadə olunmaqla bişmiş kərpiclə tikilmişdir. Hamam binası düzbucaqlı forma¬da iki səkkizbucaqlı zala və onlara bitişik iki köməkçi otağa bölünür. Zalları örtən günbəzlər, girişdəki sadə formalı baştağ və digər xidmət otaqları qismən dağıntıya məruz qalsa da, hamamın daxili planı yaxşı vəziyyətdədir.

İki zalın arasında yerləşən köməkçi otaqların qapıları yuyunma zalına açılır. Hamamın ocaqxanası cənub hissədə yer¬ləşir. Hamam döşəmənin altında yerləşdirilmiş isti hava kanalları vasitəsilə qızdırılırdı. Binanın işıqlandırılması günbəzin mərkəzində yerləşən baca və divarlardakı kiçik pəncərələr vasitəsi ilə həyata keçirilirdi.

Hamam Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2017-ci ildə bərpa olunmuşdur.