Ordubad Hamamı (XVIII-XIX əsrlər)

Naxçıvan ərazisində indiyədək qalan türk-islam mədəniyyəti nümunələrindən biri də Ordubad hamamıdır.

Hamam Ordubad şəhərinin mərkəzində, Came məscidinin yaxınlığında inşa olunmuşdur. XVIII-XIX əsrlərə aid Şərq memarlıq üslubunda inşa olunmuş bu hamamın ümumi sahəsi 483 kvadratmetr, divarlarının qalınlığı bir metrdir. Bina bişmiş kərpiclə inşa olunmuşdur. Hamam geniş dəhliz, çayxana, soyunma və yuyunma zallarından ibarətdir. Zallara açılan otaqlardan digər otaqlara və ocaqxanaya giriş vardır. Soyunma zalı kəsik küncləri olan kvadrat, mərkəzi salon isə səkkizbucaqlı formadadır. Soyunma zalının hündürlüyü 7,4 metrdir. Onun yuxarısı dairəvi günbəzlə qapanır. Yuyunma zalı çatma tağ formalı dərin taxçalarla əhatə olun¬muşdur. Taxçaların içərisində masaj üçün xüsusi sal daşlar yerləşdirilmişdir. Zalın mərkəzində dairəvi hovuz vardır. Yuyunma zalının günbəzinin diametri 5,8 metr, hündürlüyü 7,4 metrdir.

Hamamın şərq tərəfində, yuyunma zalına bitişik is¬ti su hovuzu və onun altında ocaqxana vardır. Xəzinədən yuyunma zalına açılan gözlükdən isti su götürmək üçün istifadə edirmişlər. Hamamın suyu isə yaxınlıqdan keçən Qarahovuz çeşməsindən götürülürdü. Yuyunma zalı və ona birləşən otaqların altında isti havanın dövr etməsi üçün kanallar düzəldilmişdir.

XVIII-XIX əsrlərə aid edilən, Ordubad şəhər əhalisinin həyatında mühüm rol oynayan abidədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2009-cu ildə bərpa işləri aparılmışdır.